Xəbər lenti

Qala və Mərdəkan qəsəbələrində iki mağazanı yararaq kassalardan pul oğurladı
Ölkə20:25 18.11.2026

Qala və Mərdəkan qəsəbələrində iki mağazanı yararaq kassalardan pul oğurladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Xəzər rayonunda iki mağazaya qanunsuz daxil olaraq kassalardan pul oğurlayan şəxs barəsində məhkəmə hökmü çıxarılıb.

Qaynarinfo xəbər verir ki, hadisələrdən biri Qala qəsəbəsindəki “Zoo Mur” ev heyvanları mağazasında, digəri isə Mərdəkan qəsəbəsində yerləşən “ABV” elektrik malları mağazasında baş verib.

Məhkəmənin müəyyən etdiyi hallara görə, təqsirləndirilən şəxs tamah məqsədilə əvvəlcə Qala qəsəbəsindəki mağazanı hədəf seçib. O, əvvəlcədən özü ilə gətirdiyi vintaçan vasitəsilə mağazanın plastik qapısını açaraq içəri daxil olub. Daha sonra kassanın altındakı siyirmədən mağaza sahibinə məxsus 160 manat götürərək hadisə yerindən uzaqlaşıb.

Bir müddət sonra pula ehtiyacı yarandığından bu dəfə Mərdəkan qəsəbəsindəki “ABV” elektrik malları mağazasına üz tutub. Yenə vintaçandan istifadə edərək plastik qapını açan şəxs mağazaya daxil olub və kassadan 260 manat götürüb.

Beləliklə, iki mağazadan ümumilikdə 420 manat oğurlanıb. Təqsirləndirilən şəxs məhkəmədə elan olunmuş ittihamı tam qəbul edib. O, əldə etdiyi vəsaiti siqaretə, qida məhsullarına və digər şəxsi ehtiyaclarına xərclədiyini bildirib.

Zərərçəkmiş mağaza sahibləri pulların çatışmadığını aşkar etdikdən sonra polisə müraciət ediblər.

Məhkəmə təqsirləndirilən şəxsin əməllərini Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edib. Həmin maddələr (təkrar oğurluq və oğurluq məqsədilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talama) üzrə o, təqsirli bilinib.

Məhkəmənin hökmü ilə şəxsə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. İbtidai istintaq dövründə tutulduğu 4 gün və həbsdə saxlanıldığı 1 ay 29 gün olmaqla, ümumilikdə 2 ay 3 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə (həbsdə saxlanılma müddətinin azadlığın məhdudlaşdırılması cəzasına hesablanması) əsasən ikiqat hesablanıb.

Nəticədə onun üzərində qəti olaraq 2 il 7 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Aydın