Xəbər lenti

Amazonda təcrid olunmuş qəbilə aclıq səbəbindən kənd sakinlərindən yemək istədi
Dünya18:00 18.11.2026

Amazonda təcrid olunmuş qəbilə aclıq səbəbindən kənd sakinlərindən yemək istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Braziliyanın Amazon meşələrində xarici dünya ilə əlaqədən yayınan yerli Ava xalqının təxminən 20 nümayəndəsi nadir hallarda rast gəlinən addım ataraq meşədən çıxıb yaxınlıqdakı kənd sakinlərindən yemək istəyib.

Qaynarinfo xəbər verir ki, bu barədə hüquq müdafiə təşkilatı “Survival International” məlumat yayıb.

Hadisə Braziliyanın Arariboya qoruğunun ərazisində yerləşən Tavari kəndi yaxınlığında baş verib. Qəbilə üzvləri yerli sakinlərdən müxtəlif kök bitkiləri ilə bölüşmələrini xahiş ediblər.

Təşkilatın məlumatına görə, bu qeyri-adi təmasın səbəbi ərzaq çatışmazlığı ola bilər. Qanunsuz meşə qırılması və ovçuluq qəbilənin yaşadığı əraziyə ciddi təhlükə yaradır, eyni zamanda onların ənənəvi qida mənbələrini məhdudlaşdırır.

Qonşu kənddə yaşayan Quajajara xalqının nümayəndələri görüşü foto və videoya çəkiblər. Onların sözlərinə görə, meşədən çıxan kişilər, qadınlar və uşaqlar xeyli arıqlamış və zəif görünürdülər.

Ava xalqı Amazoniyanın ovçuluq və yığıcılıqla yaşayan son köçəri icmalarından biri hesab olunur. Bu xalqın təxminən 100 nümayəndəsi hələ də müasir dünya ilə əlaqə qurmaqdan yayınaraq meşələrdə təcrid olunmuş həyat sürür.

Son hadisə Amazon meşələrinin məhv edilməsinin təkcə təbiətə deyil, həm də təcrid olunmuş yerli xalqların yaşayışına və ərzaq təhlükəsizliyinə təsirini bir daha gündəmə gətirib.

Aydın