
Dünyanın ən məşhur tarixi abidələrindən biri olan Böyük Çin səddi tədricən dağılma təhlükəsi ilə üzləşib. UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsinə baxmayaraq, müdafiə qurğusunun böyük hissəsi baxımsız vəziyyətdədir və bəzi ərazilərdə turistlərin gəzintisi təhlükəli hesab olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə “Lonely Planet” nəşri məlumat yayıb.
Bildirilir ki, Böyük Çin səddi vahid tikili deyil, müxtəlif dövrlərdə inşa edilmiş müdafiə istehkamları sistemidir. Bu gün görünən qurğuların böyük hissəsi 1368–1644-cü illərdə hökmranlıq etmiş Min sülaləsinin dövründə tikilib.
İmperiyanın süqutundan sonra sədd hərbi əhəmiyyətini itirib və uzun müddət lazımi qaydada qorunmayıb. Nəticədə təbii aşınma ilə yanaşı, yerli sakinlərin tikilinin daş və kərpiclərindən başqa məqsədlər üçün istifadə etməsi də abidənin vəziyyətinə mənfi təsir göstərib.
Səddin bərpasına dair ilk genişmiqyaslı işlər 1950-ci illərin ortalarında Badalin ərazisində başlanıb. 1987-ci ildə isə bərpa prosesi davam etdirilib. İndiyədək 8 kilometrdən çox sədd və 20-dən artıq müşahidə qülləsi yenilənib. Bununla belə, nəhəng müdafiə sisteminin yalnız kiçik bir hissəsi bərpa olunaraq turistlərin istifadəsinə verilib.
Hazırda abidənin qorunmasına Çinin Dövlət Mədəni İrs İdarəsi nəzarət edir. Mütəxəssislər bərpa zamanı ənənəvi tikinti materiallarından istifadə etməklə yanaşı, qurğunun vəziyyətini izləmək üçün müasir məsafədən müşahidə texnologiyalarını da tətbiq edirlər.
“Lonely Planet” turistlərə səddi ziyarət edərkən Mütianyü və Tszinşanlin istiqamətlərinə üstünlük verməyi tövsiyə edir. Bu ərazilər Badalinlə müqayisədə daha az izdihamlıdır. Tszinşanlin isə piyada gəzintiləri və bərpa olunmamış hissələri görmək üçün əlverişli hesab olunur.
Bununla yanaşı, səddin baxımsız qalan Tszianqou kimi hissələrinə getmək məsləhət görülmür. Çünki bəzi tikililərin dayanıqlığını itirməsi turistlər üçün təhlükə yarada bilər.
Nəşr səyahət üçün ən münasib vaxtın yaz və payız ayları olduğunu bildirir. Ziyarətçilərə rahat ayaqqabı geyinmək, özləri ilə su götürmək və hava şəraitinə uyğun geyim seçmək tövsiyə olunur.
Aydın