
Bakıda taksi sürücüsünü yumruqla döyən və üzərində qanunsuz olaraq soyuq silah gəzdirən 21 yaşlı gənc 4 ay müddətinə azadlıqdan məhrum edilib.
Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Sabirabad rayonunun Qaragüney kəndində anadan olmuş R.Y. Nizami Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 221.1 və 228.5-ci maddələri üzrə təqsirli bilinib.
Hadisə 2026-cı ilin müvafiq tarixində gecə saatlarında Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “LC Waikiki” mağazasının qarşısında baş verib. Məlumata görə, R.Y. iki qadın tanışı ilə birlikdə “Bolt” taksisi sifariş edib. Səfər zamanı sərnişinlərdən biri sürücüdən avtomobildə mahnı qoşmasını istəyib. Sürücü maqnitofonun işləmədiyini bildirdikdə sərnişinlərdən biri onu təhqir etməyə başlayıb.
Mübahisənin böyüdüyünü görən sürücü avtomobili saxlayaraq sərnişinlərdən düşmələrini istəyib. Onlar avtomobildən düşdükdən sonra R.Y. sürücüyə yaxınlaşaraq onun sifət nahiyəsinə bir neçə yumruq zərbəsi endirib. Nəticədə sürücünün sol gözaltı nahiyəsində qançır, dodaqlarında yaralar və digər yüngül xəsarətlər yaranıb.
Hadisədən sonra zərərçəkmiş polisə müraciət edib. Məhkəmədə araşdırılan videogörüntülərdə də R.Y.-nin taksi sürücüsünə hücum etdiyi əks olunub.
Bundan başqa, R.Y.-nin üzərində ov bıçağı gəzdirdiyi də müəyyən edilib. O, məhkəmədə bıçağı Sabunçu rayonu ərazisindəki bazardan aldığını bildirib. Gənc Koroğlu metrostansiyasının girişində polis əməkdaşları tərəfindən saxlanılarkən məsuliyyətdən yayınmaq məqsədilə həmin bıçaqla qarın nahiyəsinə xəsarət yetirib. Ekspertiza bıçağın soyuq silah olduğunu təsdiqləyib. Həkim rəyinə əsasən, onun özünə yetirdiyi xəsarət həyat üçün təhlükəli və ağır dərəcəli olub.
R.Y. məhkəmədə hər iki ittiham üzrə özünü təqsirli bilib, əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını deyib. Taksi sürücüsü də ona qarşı şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər də məhkum olunduğunu nəzərə alıb. Belə ki, o, 2024-cü ildə hərbi qulluq vəzifəsini yerinə yetirən şəxsə zor tətbiq etmə ilə bağlı cinayətə görə 6 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilib. Cəza 8 ay sınaq müddəti müəyyən edilməklə şərti tətbiq olunub. Həmin məhkumluq ödənildiyindən bu hal cəzanı ağırlaşdıran hal kimi qəbul edilməyib.
Nizami Rayon Məhkəməsinin hökmü ilə R.Y. xuliqanlığa görə 3 ay, qanunsuz soyuq silah gəzdirməyə görə isə daha 3 ay azadlıqdan məhrum edilib. Cəzalar qismən toplanaraq ona qəti olaraq 4 ay həbs cəzası verilib. Axtarış nəticəsində tutulduğu 1 gün cəzadan çıxıldıqdan sonra onun üzərində 3 ay 29 gün həbs cəzası saxlanılıb.
Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbslə əvəz edilib və gənc məhkəmə zalındaca həbs olunub. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, məhkəmə ekspertiza xərci kimi 200 manatın da təqsirləndirilən şəxsdən tutulmasına qərar verib.
Aydın