
Azərbaycanda pensiyaçıların sayında azalma qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, oktyabrın 1-nə ölkədə Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan pensiyaçıların sayı 1 milyon 94,2 min nəfər təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağıdır. Belə ki, 2025-ci il oktyabrın 1-də Azərbaycanda 1 milyon 100 min pensiyaçı qeydə alınmışdı.
İqtisadçı Akif Nəsirli Qaynarinfo-ya açıqlamasında pensiyaçıların sayının azalmasını bir neçə amillə əlaqələndirib.

Onun sözlərinə görə, əsas səbəblərdən biri təbii demoqrafik proseslərdir:
“Pensiyaçıların bir hissəsinin vəfat etməsi, digər tərəfdən isə pensiya yaşına çatan şəxslərin sayının əvvəlki itkiləri tam kompensasiya etməməsi buna səbəb ola bilər. Pensiya yaşının tədricən artırılmasının da təsiri var. Çünki pensiya yaşı yüksəldikcə insanların pensiya sisteminə daxil olma vaxtı gecikir və yeni pensiya təyinatlarının sayı azalır. Digər mühüm məqam isə pensiya almaq üçün tələb olunan sığorta stajı və pensiya kapitalı ilə bağlı şərtlərin hər kəsə pensiya hüququ verməməsidir”.
Akif Nəsirli hesab edir ki, pensiyaçıların sayındakı azalma təkcə demoqrafik dəyişikliklərlə deyil, həm də pensiya sisteminin mövcud tələbləri ilə bağlıdır.
İqtisadçı orta aylıq pensiyanın artımına da münasibət bildirib. Onun sözlərinə görə, bu artım əsasən pensiyaların indeksləşdirilməsi və yeni təyin olunan pensiyaların məbləği ilə əlaqədardır.
Bahar Rüstəmli