Xəbər lenti

"Azərbaycan Restaurants" audit tələbini yerinə yetirmədi - Cərimə olundu
Ekonomiks18:00 17.11.2026

"Azərbaycan Restaurants" audit tələbini yerinə yetirmədi - Cərimə olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda iri restoranlar şəbəkəsinə malik olan “Azərbaycan Restaurants” MMC (Shafron) məcburi auditdən yayınmasına görə 1500 manat cərimələnib.

Qaynarinfo-nun məlumatına görə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə tərtib edilmiş protokola baxılıb.

Məlum olub ki, şirkət 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditini aparmayıb. Bununla da qanunvericiliklə müəyyən edilmiş müddətdə məcburi auditdən yayınma halına yol verib.

İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, məcburi auditdən yayınan hüquqi şəxslər 1500 manatdan 2500 manatadək cərimə edilə bilər.

Məhkəmə araşdırması zamanı şirkətin maliyyə hesabatlarının auditinin aparılmadığı təsdiqini tapıb. İşə baxılarkən “Azərbaycan Restaurants” MMC-nin və protokolu tərtib edən qurumun nümayəndələri məhkəmə iclasında iştirak etməyiblər.

Məhkəmə şirkətin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran halları müəyyən etməyib. Nəticədə “Azərbaycan Restaurants” MMC İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat cərimələnib.

Qeyd edək ki, qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Xatırladaq ki, “Azərbaycan Restaurants” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153-dür. Nizamnamə kapitalı 200 manat olan şirkətin qanuni təmsilçisi Bəhrüz Əsgərov Fikrət oğludur.

Məlumatlara əsasən, 2026-cı il iyunun 5-də şirkətin qanuni təmsilçisi dəyişdirilib. Həmin tarixədək bu vəzifəni Vüqar Quliyev Məhəmməd oğlu tutub, sonradan isə Bəhrüz Əsgərov Fikrət oğlu qanuni təmsilçi olub.

Aydın