
Filippin Gömrük İdarəsinin müsadirə etdiyi 2021-ci il istehsalı “McLaren Senna” superkarı qiyməti 15 faiz endirilməsinə baxmayaraq, üçüncü hərracda da satılmayıb.
Qaynarinfo Filippinin “PortCalls” nəşrinə istinadən xəbər verir ki, dünyada cəmi 500 ədəd istehsal olunan avtomobil aylardır Manila limanındakı gömrük ərazisində alıcısını gözləyir.
Avtomobil ilk dəfə aprelin 28-də keçirilən hərracda satışa çıxarılıb. Həmin vaxt onun ilkin qiyməti 102 milyon 42 min 250 Filippin pesosu, təxminən 1,61 milyon dollar müəyyən edilib. Lakin heç kim bu məbləği ödəməyə razı olmayıb. Hərracda satışa çıxarılan 12 lüks avtomobildən yalnız 2023-cü il istehsalı “Rolls-Royce Phantom” alıcı tapıb. O, 25 milyon 548 min pesoya, təxminən 402 min dollara satılıb.
İlk cəhdin uğursuz olmasından sonra gömrük rəsmiləri “McLaren Senna”nın qiymətini 15 faiz aşağı salıblar. Mayın 29-da keçirilən növbəti hərracda avtomobilin başlanğıc qiyməti 86 milyon 735 min 913 pesoya, yəni 1,37 milyon dollara endirilib. Ancaq bu dəfə də alıcı tapılmayıb. Oktyabrın 30-da daha 10 lüks avtomobillə birlikdə yenidən hərraca çıxarılan superkar üçüncü dəfə də satılmayıb.
Üçqat “Formula-1” çempionu Ayrton Sennanın adını daşıyan avtomobilin məhdud sayda istehsal olunması onun alıcı çevrəsini onsuz da daraldır. Bununla yanaşı, müsadirə edilmiş avtomobillərin dövlət hərraclarında satışa çıxarılması da potensial alıcılar üçün əlavə suallar yaradır. Belə avtomobillərin mülkiyyət hüququnun rəsmiləşdirilməsi, qeydiyyatı və gələcəkdə yarana biləcək hüquqi problemlər varlı alıcıları tərəddüdə salır. Bəzi şəxslər hətta sərfəli qiymətə təklif olunsa belə, vergi və korrupsiya araşdırmaları ilə əlaqəli avtomobilləri almaqdan çəkinirlər.
Gömrük ərazisində saxlanılan digər nadir avtomobil isə dünyada cəmi 499 ədəd istehsal edilmiş “LaFerrari” kupesidir. Onun üçün hələlik satış qiyməti müəyyənləşdirilməyib.
Qeyd edək ki, Filippin Gömrük İdarəsi 2025-ci ildə Pasay və Parañaque şəhərlərindəki anbarlarda keçirdiyi əməliyyatlar zamanı ümumi dəyəri təxminən 1,4 milyard peso, yaxud 21,9 milyon dollar olan qaçaq lüks avtomobillər müsadirə edib. Ələ keçirilən avtomobillər arasında “Ferrari”, “Lamborghini”, “Maybach” və “Maserati” modelləri də olub.
Gömrük qaydalarına əsasən, müsadirə edilmiş avtomobillərin sahiblərinə vergilərin ödənildiyini təsdiqləyən sənədləri təqdim etmək üçün, bir qayda olaraq, 15 gün vaxt verilir. Lakin “McLaren Senna” və “LaFerrari” üçün təqdim olunan sənədlər onların sərbəst buraxılması üçün kifayət etməyib. Nəticədə hər iki avtomobil hərraca çıxarılıb.
Müsadirə edilən bəzi “Rolls-Royce” modellərinin satışında isə daha uğurlu nəticə əldə olunub. Belə ki, 2026-cı ilin fevralında keçirilən hərracda 2023-cü il istehsalı “Rolls-Royce Cullinan” təxminən 29 milyon pesoya, yəni 453 min dollara satılıb. Həmin hərracda alıcı tapmayan 2021-ci il istehsalı digər “Cullinan” isə sonradan birbaşa danışıqlar yolu ilə 23 milyon pesoya, təxminən 360 min dollara alıcıya təhvil verilib.