
ABŞ-ın keçmiş prezidenti Co Bayden Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı 2008-ci ildə verilən vədin vaxtından əvvəl olduğunu etiraf edib. O, Kiyevə alyansa üzvlük əvəzinə alternativ təhlükəsizlik təminatlarının təqdim edilməsinin mümkünlüyünü də gündəmə gətirib.
Qaynarinfo xəbər verir ki, bu barədə Baydenin "Amerika, mənə söz ver" adlı yeni memuarından "Newsweek" nəşrində dərc olunan hissədə bəhs edilir.
Keçmiş prezident kitabında Ukraynanın NATO-ya üzvlük perspektivlərinə toxunaraq bildirib ki, onun administrasiyası Kiyevin alyansa qəbul edilməsi məsələsində israr etməyib. O, bununla bağlı Rusiya Prezidenti Vladimir Putinin NATO-nun genişlənməsinin Rusiyaya təhlükə yaratması barədə ittihamlarını da xatırladıb.
"Biz Putinin ittihamlarına baxmayaraq, Ukraynanın NATO-ya üzvlüyündə israr etmədik. 2008-ci ildə verilən vəd vaxtından əvvəl idi", deyə Bayden yazıb.
Söhbət 2008-ci ildə keçirilən NATO-nun Buxarest sammitindən gedir. Həmin vaxt alyans Ukrayna və Gürcüstanın gələcəkdə NATO üzvü olacağını bəyan etmişdi.
Baydenin fikrincə, Ukraynaya NATO-dan kənar xüsusi status və alternativ təhlükəsizlik mexanizmi təklif edilə bilərdi. Bu model Avropa İttifaqı və ABŞ-la münasibətlər şəbəkəsi vasitəsilə ölkənin təhlükəsizliyinin təmin olunmasını nəzərdə tuturdu.
Aydın