Xəbər lenti

Trampın İran dilemması və Azərbaycanın üzləşə biləcəyi təhlükəsizlik riskləri (ŞƏRH)
Siyasət18:28 16.11.2026

Trampın İran dilemması və Azərbaycanın üzləşə biləcəyi təhlükəsizlik riskləri (ŞƏRH)

ABŞ Prezidenti Donald Trampın İranla bağlı hərbi variantı hələ də gündəmdə saxlaması regionda yeni müharibə ehtimalını aktual edir. Vaşinqton bir tərəfdən diplomatik və iqtisadi təzyiqləri davam etdirir, digər tərəfdən isə hərbi müdaxilə imkanını istisna etmir. Lakin belə bir qərarın ABŞ-ın daxili siyasi vəziyyətinə, Tramp administrasiyasının gələcək perspektivlərinə və bütövlükdə regionun təhlükəsizliyinə hansı təsirləri ola bilər? Mümkün müharibə Azərbaycanın milli təhlükəsizliyi baxımından hansı risklər yaradır?

Konfliktoloq Azər Hüseynov bu sualları Qaynarinfo-ya açıqlamasında şərh edib.

Ekspertin fikrincə, Tramp bu məsələdə sanki iki seçim arasında qalıb. Bir tərəfdən, müharibənin reallaşdırılması onun siyasi nüfuzunu artıra bilər. Xüsusilə İranda rejim dəyişikliyinə nail olunarsa, bu, Tramp administrasiyası üçün ciddi siyasi uğur kimi təqdim edilə bilər.

"Müharibə variantının praktiki müstəvidə reallaşdırılması ciddi siyasi və hərbi risklər daşıyır"

Onun sözlərinə görə, Tramp əvvəlki əməliyyatların nəticələrini uğur kimi qiymətləndirsə də, fakt budur ki, ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar rejim dəyişikliyi ilə nəticələnməyib. Bu baxımdan müharibə ehtimalı hər zaman gündəmdə qala bilər:

"Lakin burada nəzərə alınmalı mühüm məqam var, belə bir əməliyyat uğursuzluqla nəticələnərsə, onsuz da Konqresdə mövqeləri zəifləmiş və üstünlüyünü itirmək riski ilə üzləşən respublikaçılar üçün bu, kifayət qədər ağır siyasi nəticələr doğura bilər. Hətta gələcək prezident seçkiləri ərəfəsində hazırkı administrasiyanın qərarları və fəaliyyəti ilə bağlı araşdırmaların, eləcə də müxtəlif istintaqların başlanması ehtimalı da gündəmə gələ bilər. Ona görə də müharibə variantı Vaşinqton üçün tamamilə gündəmdən çıxarılmasa da, onun praktiki müstəvidə reallaşdırılması ciddi siyasi və hərbi risklər daşıyır".

"İran ətrafında mümkün hərbi qarşıdurma Azərbaycanın təhlükəsizliyi üçün də ciddi risklər yarada bilər"

Konfliktoloq hesab edir ki, İsrail tərəfi hərbi əməliyyatların davam etdirilməsində maraqlı olsa belə, bu məsələdə ölkə daxilində tam fikir birliyinin olduğunu söyləmək çətindir:

"Xüsusilə yeni seçkilərdən sonra formalaşacaq siyasi mənzərənin bu istiqamətdə mövqelərə necə təsir edəcəyi hələ də açıq sual olaraq qalır".

Azər Hüseynovun fikrincə, İran ətrafında mümkün hərbi qarşıdurma Azərbaycanın təhlükəsizliyi üçün də ciddi risklər yarada bilər. Onun sözlərinə görə, Azərbaycanın sərhədləri və yaxın coğrafiyasında hər hansı hərbi münaqişənin baş verməsi ölkə üçün olduqca təhlükəli vəziyyət yarada bilər:

"Məhz buna görə də Azərbaycan xarici siyasətində bütün imkanlardan istifadə edərək regionda sülhün və sabitliyin təmin olunmasına çalışır. Rəsmi Bakı qarşıdurmaların və hərbi toqquşmaların yerini dialoqun, əməkdaşlığın və davamlı sülhün tutmasında maraqlıdır. Azərbaycanın iştirak etdiyi müxtəlif beynəlxalq və regional platformalarda nümayiş etdirdiyi mövqe də bunu təsdiqləyir. Əgər İrana qarşı hər hansı hərbi əməliyyat başlanarsa və bu proses dərinləşərək genişmiqyaslı münaqişəyə çevrilərsə, hərbi əməliyyatların coğrafiyasının genişlənməsi ehtimalı daim mövcud olacaq. Belə bir ssenari isə Azərbaycanın milli təhlükəsizliyi baxımından arzuolunmazdır. Çünki hərbi qarşıdurmaların genişlənməsi təkcə birbaşa iştirakçı dövlətlər üçün deyil, bütövlükdə region ölkələri üçün ciddi təhlükələr yaradır".

"Regiondakı hərbi münaqişə Azərbaycan üçün potensial təhlükə mənbəyidir"

Ekspert qeyd edib ki, Azərbaycan məhz bu reallıqları nəzərə alaraq təhlükəsizlik sistemini şaxələndirməyə, beynəlxalq tərəfdaşlıqlarını genişləndirməyə çalışır:

"Bu baxımdan Avropa ölkələri ilə, xüsusilə də son dövrlərdə Böyük Britaniya ilə inkişaf edən münasibətlər diqqət çəkir. Eyni zamanda, Azərbaycan Şuşada Türkiyə ilə hərbi əməkdaşlığın davam etdiriləcəyini bir daha bəyan edib. Bütün bunlar ölkənin müdafiə və təhlükəsizlik imkanlarının daha dayanıqlı əsaslar üzərində qurulmasına xidmət edir. Regionda baş verə biləcək hərbi münaqişə, tərəflərin kimliyindən və münaqişənin ilkin səbəblərindən asılı olmayaraq, Azərbaycan üçün potensial təhlükə mənbəyidir. Buna görə də ölkəmizin əsas marağı müharibələrin genişlənməsinin qarşısını almaq, regional sabitliyi qorumaq və milli təhlükəsizliyini mümkün risklərə qarşı daha etibarlı şəkildə təmin etməkdir".

Siyasət şöbəsi