Xəbər lenti

Miras qalan evin bölünməsi zamanı vərəsələrin hüquqları necə qorunur? - Ekspert izah edir
Ölkə14:24 16.11.2026

Miras qalan evin bölünməsi zamanı vərəsələrin hüquqları necə qorunur? - Ekspert izah edir

Ailə üzvlərindən birinin vəfatından sonra miras qalan evin bölüşdürülməsi vərəsələr arasında ciddi mübahisələrə səbəb ola bilir. Xüsusilə evin bir neçə vərəsəyə qalması, onlardan birinin həmin mənzildə yaşaması və ya əmlakın fiziki olaraq bölünməsinin mümkün olmaması vəziyyəti daha da mürəkkəbləşdirir.

Bəs qanunvericilik miras qalan evin bölüşdürülməsi ilə bağlı hansı qaydaları müəyyən edir? Vərəsələr arasında razılıq əldə olunmadıqda hansı hüquqi mexanizmlərdən istifadə edilə bilər? Evin bir vərəsənin adına keçirilməsi üçün digərlərinin razılığı vacibdirmi?

"Əgər vəsiyyətnamə yoxdursa, miras qanun üzrə bölüşdürülür"

Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərov Qaynarinfo-ya miras qalan evin bölüşdürülməsinin hüquqi qaydalarını izah edib.

Ekspert bildirib ki, miras əmlakın bölüşdürülməsi vərəsələrin şəxsi istəklərinə deyil, qanunvericiliklə müəyyən edilmiş hüquqlara, vəsiyyətnamənin mövcudluğuna və mülkiyyət hüququnun hüquqi əsaslarına söykənir:

"Miras qalan evin bölünməsi məsələsinə hüquqi baxımdan yanaşarkən ilk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, miras əmlakın bölüşdürülməsi vərəsələrin subyektiv istəklərinə deyil, qanunla müəyyən edilmiş vərəsəlik hüquqlarına, vəsiyyətnamənin mövcudluğuna və əmlak üzərində mülkiyyət hüququnun hüquqi əsaslarına söykənir.

İlk növbədə müəyyən edilməlidir ki, ev miras qoyanın şəxsi mülkiyyəti olub, yoxsa nikah dövründə əldə edilmiş ər-arvadın ümumi birgə mülkiyyətidir. Bu, olduqca mühüm hüquqi məqamdır. Çünki ev nikah dövründə əldə edilibsə, sağ qalan ər və ya arvadın həmin əmlakdakı öz mülkiyyət payı, bir qayda olaraq, miras kütləsinə daxil edilmir. Əvvəlcə ər-arvadın ümumi əmlakındakı pay müəyyənləşdirilir, yalnız vəfat etmiş şəxsin payı miras kimi bölüşdürülür. Əks halda, miras bölgüsü zamanı sağ qalan həyat yoldaşının mülkiyyət hüququnun pozulması riski yaranır.

İkinci mühüm məsələ vərəsələrin dairəsinin müəyyən edilməsidir. Əgər vəsiyyətnamə yoxdursa, miras qanun üzrə bölüşdürülür. Birinci növbəli vərəsələrə, ümumi qayda olaraq, miras qoyanın uşaqları, sağ qalan həyat yoldaşı və valideynləri daxildir. Onların miras payları qanunla müəyyən edilmiş qaydada hesablanır. Burada bir məqamı da xüsusi vurğulamaq lazımdır: vəsiyyətnamə mövcud olsa belə, qanunla müəyyən edilmiş şəxslərin məcburi pay hüququ nəzərə alınmalıdır.

Üçüncü mərhələ mirasın hüquqi qaydada qəbul edilməsi və rəsmiləşdirilməsidir. Vərəsələr mirasın açıldığı yer üzrə notariat orqanına müraciət edərək vərəsəlik hüququ haqqında şəhadətnamə almalıdırlar. Bunun üçün ölüm haqqında şəhadətnamə, qohumluq əlaqələrini təsdiq edən sənədlər, miras əmlaka dair mülkiyyət sənədləri və digər zəruri sənədlər təqdim olunur. Müraciət müddəti ötürülübsə, mirasın faktiki qəbul edilməsini təsdiq edən sübutların hüquqi əhəmiyyəti də araşdırılmalıdır".

"Vərəsələr arasında razılıq varsa, ev onların miras paylarına uyğun bölüşdürülə bilər"

Fərid Cəfərovun sözlərinə görə, miras payının müəyyən edilməsi ilə evin fiziki olaraq bölünməsi fərqli hüquqi anlayışlardır. Əmlakın naturada bölünməsi üçün onun texniki və hüquqi imkanları nəzərə alınmalıdır:

"Əsas məsələyə – evin faktiki bölünməsinə gəldikdə isə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274–1279-cu maddələri mirasın bölüşdürülməsinin hüquqi mexanizmlərini müəyyən edir.

Əgər vərəsələr arasında razılıq varsa, ev onların miras paylarına uyğun bölüşdürülə bilər. Əmlakın texniki və hüquqi baxımdan bölünməsi mümkündürsə, hər bir vərəsəyə ayrıca mülkiyyət obyekti və ya müvafiq pay ayrıla bilər.

Lakin burada mühüm bir fərq var: miras payının müəyyən edilməsi ilə evin fiziki olaraq bölünməsi eyni anlayış deyil. Məsələn, üç vərəsənin hər birinə miras əmlakın üçdəbir hissəsi düşürsə, bu, avtomatik olaraq evin üç otağa bölünməsi demək deyil. Hər bir vərəsə əmlak üzərində üçdəbir paylı mülkiyyət hüququ əldə edir. Həmin payın naturada ayrılması isə evin planlaşdırılması, giriş-çıxış imkanları, kommunal təminatı, texniki vəziyyəti və digər hüquqi-texniki şərtlər nəzərə alınmaqla qiymətləndirilməlidir.

Praktikada ən çox rast gəlinən vəziyyət evin fiziki olaraq bölünməsinin mümkün olmamasıdır. Belə hallarda qanun bir neçə alternativ həll yolu nəzərdə tutur:

Birinci variant – vərəsələr razılığa gələrək evin satılmasını və satışdan əldə olunan vəsaitin hər kəsin miras payına uyğun bölüşdürülməsini təmin edə bilərlər.

İkinci variant – vərəsələrdən biri evi öz mülkiyyətinə götürərək digər vərəsələrə onların paylarının dəyərinə uyğun pul kompensasiyası ödəyə bilər. Bu, xüsusilə evin vahid yaşayış obyekti kimi saxlanılmasının məqsədəuyğun olduğu hallarda effektiv həll yoludur.

Üçüncü variant – ev bölünməz əmlak kimi vərəsələrin paylı mülkiyyətində qala bilər. Bu halda hər bir vərəsənin əmlak üzərində hüququ onun müəyyən edilmiş payı həcmində davam edir".

Vərəsələr razılığa gələ bilmədikdə miras qalan ev necə bölünür və məhkəmə hansı qərarı verə bilər?

Ekspert qeyd edib ki, vərəsələr arasında razılıq əldə olunmadıqda mirasın bölüşdürülməsi ilə bağlı mübahisə məhkəmə qaydasında həll edilə bilər. Bu zaman əmlakın texniki vəziyyəti və vərəsələrin hüquqları da araşdırılır:

"Ancaq vərəsələr arasında razılıq əldə olunmadıqda məsələ məhkəmə müstəvisinə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə və Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli qərarında verilmiş hüquqi mövqeyə əsasən, mirasın bölüşdürülməsi ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə əmlakın xarakterini, vərəsələrin hüquqlarını, hər birinin konkret vəziyyətini və işin digər əhəmiyyətli hallarını nəzərə alır.

Bu zaman məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilməsi də mümkündür. Ekspertiza vasitəsilə evin naturada bölünməsinin texniki baxımdan mümkünlüyü, hər bir payın real dəyəri və bölünmə nəticəsində əmlaka tənasübsüz zərər dəyib-dəyməyəcəyi müəyyənləşdirilə bilər.

Mən burada bir mühüm məqamı da xüsusi vurğulamaq istərdim: heç bir vərəsə digər vərəsələrin hüquqlarını nəzərə almadan miras qalan evin bütövlükdə ona məxsus olduğunu iddia edə bilməz. Eyni zamanda, vərəsələrdən birinin həmin evdə yaşaması, kommunal xərcləri ödəməsi və ya evə qulluq etməsi özlüyündə digər vərəsələrin mülkiyyət paylarını avtomatik aradan qaldırmır. Belə hallar mübahisənin həlli zamanı hüquqi əhəmiyyət daşıya bilər, lakin mülkiyyət hüququna xitam verilməsi üçün müstəqil hüquqi əsas tələb olunur.

Nəticə etibarilə, miras qalan evin bölünməsi məsələsində əsas prinsip vərəsələrin hüquq bərabərliyinin, mülkiyyət hüququnun və qanuni mənafelərinin qorunmasıdır. Mən hesab edirəm ki, bu kimi mübahisələrdə ən optimal yanaşma ilk növbədə notarial qaydada razılaşma əldə etmək, mümkün olmadıqda isə məhkəmə mexanizmlərindən istifadə etməkdir.

Çünki miras yalnız əmlakın hüquqi taleyi məsələsi deyil, eyni zamanda ailədaxili münasibətlərə, sosial sabitliyə və mülkiyyət hüququnun müdafiəsinə birbaşa təsir göstərən həssas hüquqi münasibətdir. Burada məqsəd yalnız əmlakı bölmək deyil, hər bir vərəsənin qanuni hüququnu qorumaqla ədalətli və hüquqi baxımdan dayanıqlı nəticəyə nail olmaqdır".

Günay İlqarqızı