Xəbər lenti

Doğrudanmı, İldırım Bəyazidlə Əmir Teymurun arasını Azərbaycan hökmdarı vurub? ("Gizli Azərbaycan")
Ölkə11:17 16.11.2026

Doğrudanmı, İldırım Bəyazidlə Əmir Teymurun arasını Azərbaycan hökmdarı vurub? ("Gizli Azərbaycan")

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qaynarinfo.az saytı "Gizli Azərbaycan" adlı layihəsini davam etdirir.

Layihənin məqsədi Azərbaycanın uzaq və yaxın tarixi ilə bağlı qaranlıq səhifələrə işıq tutmaq, mübahisəli məqamlara aydınlıq gətirməkdir.

Şair, araşdırmaçı publisist Elnur Astanbəylinin hazırladığı "Gizli Azərbaycan” başlıqlı bu silsilə yazılarda hər həftə keçmişimizlə bağlı doğru bilinən yanlışları, yanlış bildiyimiz doğruları yalnız və yalnız tarixi sənədlərin, mötəbər qaynaqların köməyi ilə gözdən keçirəcəyik.

Tariximizlə bağlı qeyd-şərtsiz həqiqət kimi qəbul etdiyimiz hansı hadisələr əslində mif, mif kimi qəbul etdiyimiz nələr əslində həqiqətdir?

Layihə çərçivəsində növbəti yazını təqdim edirik:

Doğrudanmı, İldırım Bəyazidlə Əmir Teymurun arasını Azərbaycan hökmdarı vurub?

Elnur Astanbəyli

Bir çox Osmanlı tarixçisi bu imperiyanın 4-cü padşahı I İldırım Bəyazidlə orta çağların ən qüdrətli sərkərdə və hökmdarlarından biri olan Əmir Teymur arasındakı düşmənçiliyə görə məhz onu işarə edirlər. Belə düşünən müəlliflərin fikrincə, adları çəkilən iki hökmdarın arasını məhz o vurub.

Söhbət Azərbaycan tarixində xüsusi yeri olan Qaraqoyunlu dövlətinin qurucusu Qara Yusifdən gedir.

Məsələn, XVI əsr Osmanlı müvərrixlərindən olan Mehmed Neşri “Kitab-ı Cihannüma”da Qaraqoyunlulardan ilk dəfə Qara Yusif bəyin Teymurun zülmündən qurtulmaq üçün vətənini tərk edərək Cəlairi hökmdarı Sultan Əhmədlə birlikdə Şama getməsi, orada həbs olunması və sonradan hər ikisinin həbsdən buraxılaraq İldırım Bəyazidə sığınması barədə danışır. Neşrinin fikrincə, Yusif bəy Bəyazidi Şərqi Anadolunun bəzi bölgələrinə yürüş etməyə həvəsləndirmişdi.

Türkiyənin görkəmli tarixçilərindən Faruq Sümər də özünün “Karakoyunlular” adlı məqaləsində qeyd edir ki, “İldırım Bəyazidin Qara Yusifi qonaq etməsi Teymurun osmanlılara qarşı səfərə çıxmasının başlıca səbəblərindən biri oldu” (Qaynaq: Faruk Sümer. Karakoyunlular. Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi, 24. cild, s. 234-238, İstanbul-2001).

Türkiyənin müasir araşdırmaçılarından Gökhan Açıqköz də qeyd edir ki, “Osmanlıların nəzərində müsbət şəxs olaraq qəbul edilən Yusif bəy ilə İldırım Bəyazid arasındakı isti münasibətlər mənbələrdəki məlumatlara görə, Teymurla yaşanan ixtilafların ən mühüm səbəbləri arasında yer alır” (Qaynaq: Gökhan Açıkgöz. Osmanlı ve Timurlu kroniklerinde "Akkoyunlu-Karakoyunlu" algısı (1400-1600). Doktora tezi, Dokuz Eylül Üniversitesi, Sosyal Bilimler Enstitüsü, Tarih Ana Bilim Dalı, 2023).

Elə Əmir Teymur dönəminin Teymurlu qaynaqlarında da Qara Yusif osmanlılarla düşmənçiliyin əsas fiqurlarından biri kimi təqdim olunur. Məsələn, “Zəfərnamə”də yazılır: “Qara Yusif uzun müddətdən bəri ölkələr arasında fitnə-fəsad ocağı yaradaraq müsəlmanların yollarını kəsir, hacıları soyur, onların mallarını qarət edirdi. Həmin dövrdə o, Rum padşahı (Osmanlı sultanı – E.A.) İldırım Bəyazidin himayəsinə sığınmışdı. Əmir Teymur fürsət düşdükcə onun törətdiyi fitnə-fəsadın qarşısını almaq və Rum diyarına doğru yönəlmək qərarına gəldi” (Qaynaq: Nizamüddin Şâmî. Zafernâme. Çev. Necati Lugal, 2. Baskı, Türk Tarih Kurumu Yayınları, Ankara, 1987).

Eyni mənbədə yazılanlara görə, Bəyazid tərəfindən onun yanına göndərilən elçilərə Teymur belə demişdi: “Mən Rum diyarına yürüş etmək, oraya qoşun göndərmək tərəfdarı deyiləm. Çünki onlar daim franklara qarşı cihad aparırlar. Belə bir hərəkətlə frankların qüvvətlənməsinə, müsəlmanların isə zəifləməsinə səbəb olmaq istəmirəm. Lakin ətrafda yaşayan yadellilərdən daha çox müsəlman ölkələrinə zərər vuran, yolları kəsən, quldurdan başqa bir şey olmayan Qara Yusifi Bəyazid öz himayəsinə götürmüş və öz ölkəsində ona sığınacaq vermişdir. Buna görə də Bəyazid aşağıdakı üç şərtdən birini qəbul etməlidir:

1. Onu öldürməklə bu məsələyə son qoymaq;

2. Mühakimə olunması və cəzalandırılması üçün onu tərəfimizə təhvil vermək;

3. Yaxud bunların heç birinə razı olmadığı təqdirdə, adıçəkilən şəxsi birbaşa öz ölkəsindən çıxarmaq...”.

(Bir qədər sonra Teymurun Bəyazidə eyni məzmunlu məktubu haqqında da bəhs edəcəyik).

Qara Yusifin niyyəti

Bəs doğrudanmı I İldırım Bəyazidlə Əmir Teymuru bir-birinə düşmən edən Qara Yusif olub?

Tanınmış tarixçi Əkbər N. Nəcəf yazır ki, Azərbaycanda Teymurlu hakimiyyətinə son qoyaraq öz hakimiyyətini bərqərar etmək istəyən, bu səbəbdən də Əmir Teymurla yola getməyən və onu Osmanlı ilə üz-üzə qoyaraq zəiflətməyə çalışan Yusifin Bəyazidə göndərdiyi məktublar nəticəsində onu psixoloji təsir altına almışdı (Qaynaq: Əkbər N. Nəcəf. Qara Yusif. “Altun kitab” nəşriyyatı, Bakı – 2022).

Bəyazidə göndərilən həmin məktubların birində belə deyilirdi: “Lənətə gəlmiş Teymur Turandan İrana gəlib, Hülakü kimi elxanlıq iddiasındadır, müsəlmanları Fars əyalətinə qədər pərişan vəziyyətə salmışdır. Onun möminlərə etdiyi əziyyətləri müşriklər belə etməyiblər. İndi isə o, Azərbaycana doğru irəliləyir. Mən... onunla döyüşməkdən qorxmuram, canımı və başımı müsəlmanlar yolunda qurban verməyə hazıram. Ümid edirəm, vəziyyətdən xəbərdar olan kimi sərhəd bölgələrinizdəki əmirlərinizə tapşıracaqsınız ki, ehtiyac olarsa, vaxt itirmədən mənim yanıma gəlsinlər. O pis insanı uzaqlaşdırmaq kafirlə qəza etməkdən (burada: döyüşməkdən, mübarizə aparmaqdan – E.A.) daha vacibdir. Digər xüsusları məktubumuzu gətirən elçi ilə danışıb həll edərsiniz, belə ki, o bizim əqrəbamız və dostumuzdur”.

Qara Yusifin məktubundan çox təsirlənən, odur ki, onu cavabsız qoymaq istəməyən Sultan Bəyazid öz elçisini Qaraqoyunlu hökmdarının hüzuruna göndərdi. Bundan sonra Yusif dərhal hərəkətə keçərək Gilan, Luristan və Xuzistan əmirləri ilə birgə Əmir Teymura qarşı ittifaq qurmağa başladı.

Əmir Teymurun Qara Yusif şərti

Təbii ki, Qara Yusifin məktublarından casusları vasitəsilə ətraflı xəbər tutan Teymur da boş dayanmırdı. Onun Osmanlı sultanına yazdığı məktublarda davamlı olaraq Qaraqoyunlu hökmdarından bəhs etməsi də dediklərimizi təsdiqləyir. Həmin məktublardan birində Teymuri hökmdarı yazırdı: “Mən Rum diyarına gəlmək, ya da oraya ordu göndərmək niyyətində deyiləm. Firənglərə qarşı qəza etdiyiniz bir vaxtda belə bir hərəkətə yol verərək onların güclənməsinə və müsəlmanların zəifləməsinə bais olmaq istəmirəm. Ancaq sən müsəlman diyarlarına əcnəbilərdən daha çox ziyan vuran Qara Yusif ilə Əhməd Cəlairi kimi yolkəsənləri, quldurları himayə edirsən, məmləkətində onlara sığınacaq verirsən. Belədə üç şərtdən birini qəbul etməlisən: ya onları özün öldür, ya cəzalandırmağımız üçün bizə təslim et, ya da məmləkətindən qov. Bu şərtlərdən hər hansı birini qəbul edəcəyin təqdirdə, aramızda ata-oğul münasibəti, dostluq və birlik yaranar. Qız alıb qız verərik və kafirlərə qarşı apardığınız mübarizəyə əlimizdən gəldiyi qədər kömək göstərərik”.

Əmir Teymurun Osmanlıya münasibətlərini Qara Yusif üzərinə təsis etməsi qaraqoyunlu əmirinin onun üçün nə qədər təhlükəli biri olduğunu göstərir. Bir başqa məktubunda Teymur eyni məsələni şiddətlə qabartmışdır: “Bizim qılıncımızdan qaçan o iki adam şərin anası və fəsadın mayası, şəhərlərin viranı, xalqın tələf olmasının səbəbidirlər. Onların əsgərləri... hara ayaq basıblarsa, oraya fəlakət və ölüm gətiriblər. Belə pis əxlaqlılar əsla Rum padşahına sığınmasınlar, ya da siz onları öz sığınmanız altına alıb dəstəkləməyin. Əksinə, onları özünüzdən kənarlaşdırın və həbs edib öldürün. Bu fərmandan üz çevirərək özünüzü bizim qəhr edən pəncəmizdə həlak etməyin... Elə edin ki, işlər ölüm və qətliamla nəticələnməsin. Biz öz sözümüzü sizə çatdırdıq və misallarını da bəyan etdik”.

Bəhanə, yoxsa...

Ümumiyyətlə, Əmir Teymur Sultan Bəyazidə göndərdiyi, demək olar, bütün məktublarda Qara Yusiflə bağlı yuxarıdakı şərtlərini təkrarlamış, bu şərtlərdən istənilən birini yerinə yetirməyəcəyi təqdirdə, bütün məsuliyyəti Osmanlı padşahının daşıyacağını bildirmişdir. Əslində isə, məsələnin kökü daha dərin idi: Qara Yusiflə haqq-hesabı çürütmək Teymur üçün nə qədər əhəmiyyətli olsa da, o bundan daha çox Osmanlı dövlətini təzyiq altında saxlamaq üçün bəhanə kimi istifadə edirdi. Elə ona görədir ki, Yusif Osmanlı torpağını tərk etdikdən sonra da Teymuri hökmdarı dinc dayanmamışdı. Belə ki, bu dəfə də o, Bəyaziddən Qaraqoyunlu hökmdarının ailə üzvlərini təslim etməyi tələb eləməyə başlamışdı.

Hər halda hadisələrin sonrakı gedişi göstərdi ki, Teymurlu dövləti ilə Osmanlı İmperiyası arasında ixtilafın kökü elə də bəsit deyil. Türkiyənin müasir tarixçilərindən Yusuf Halaçoğlunun yazdıqları da bunu təsdiqləyir. Hadisələrə daha geniş və geosiyasi müstəvidə yanaşan Halaçoğlunun fikrincə, Teymurun Anadoluya doğru genişlənməsi və Osmanlıların da həmin ərazilərdə hakimiyyət iddiası iki dövlət arasında rəqabət yaratmışdı. Qara Yusif və Sultan Əhmədin Osmanlıya sığınması isə bu qarşıdurmada əlavə amilə çevrildi. Halaçoğlu xüsusi olaraq vurğulayır ki, Teymurun hər iki şəxsin geri qaytarılmasını tələb etməsi və Bəyazidin bundan boyun qaçırması onlar arasındakı münasibətləri sadəcə daha da pisləşdirdi (Qaynaq: Yusuf Halaçoğlu. Ankara savaşı. Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi, 34. cild, s. 234-238, s. 210-211. İstanbul-1991).

Başqa bir müasir dövr tarixçisi Tarkan Suçıkar da eyni fikirdədir. Onun qənaətinə görə, Bəyazidin Qara Yusif və Cəlairi Sultan Əhmədi himayə etməsi, Teymurun isə Anadolu bəyliklərinin Osmanlıya qarşı narazılığından istifadə etməsi münaqişənin mühüm səbəbləri idi.

Lakin müəllif əsas səbəbi daha dərin siyasi ziddiyyətdə görür:

– Teymur Çingiz xan və onun varislərinin hakim olduğu ərazilərə iddia edirdi.

– Bəyazid isə Anadolu və Rumelidə mərkəzləşdirilmiş vahid siyasi hakimiyyət yaratmağa çalışırdı.

Suçıkarın fikrincə, iki hökmdarın fərqli hədəfləri onlar arasında qarşıdurmanın əsasını təşkil edirdi. Qara Yusif və Sultan Əhməd məsələsi isə bu ziddiyyəti bir az da kəskinləşdirirdi (Qaynaq: Tarkan Suçıkar. XV-XVII. Yüzyıl Osmanlı Kaynaklarında Yıldırım Bayezid ve Timur Algısı. Yüksek doktora tezi, İstanbul-2014).

Onu da xatırladaq ki, Teymurlu və Osmanlı hökmdarları arasındakı ixtilaf sonda məşhur Çubuq (Ankara) döyüşü və I İldırım Bəyazidin ağır məğlubiyyəti, hətta özünün Əmir Teymura əsir düşməsi, cəmi bir neçə ay sonra isə elə əsirlikdə də ölməsi (bəzi ehtimallara görə, öldürülməsi) ilə nəticələndi.