
Artıq çəkisi olan hər kəsin sağlamlıq vəziyyətinin pis olması fikri yeni elmi araşdırma ilə şübhə altına alınıb. Alimlər hesab edirlər ki, piylənmə diaqnozu yalnız bədən kütləsi indeksinə (BKİ) əsasən müəyyən edilməməlidir. Çünki artıq çəki bəzi insanlarda ciddi sağlamlıq problemlərinə səbəb olmadığı halda, digərlərində orqanların fəaliyyətinə mənfi təsir göstərə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Nature" jurnalında dərc olunan və təxminən 850 min yetkin insanın məlumatlarını əhatə edən araşdırmada bildirilib.
Tədqiqat Çin, Böyük Britaniya, ABŞ və İspaniyada yaşayan insanların sağlamlıq göstəriciləri əsasında aparılıb. Alimlər piylənmənin qiymətləndirilməsi üçün iki mərhələli təsnifat sistemini təklif ediblər.
Yeni yanaşmaya əsasən, piylənmə iki qrupa bölünür:
- Klinikadan əvvəlki piylənmə: Bədəndə yağ kütləsinin artdığı, lakin bunun hələ orqanların fəaliyyətində ciddi pozuntu yaratmadığı vəziyyət.
- Klinik piylənmə: Artıq yağ kütləsinin orqanların fəaliyyətinə mənfi təsir göstərdiyi və müxtəlif sağlamlıq problemlərinə səbəb olduğu mərhələ.
Araşdırmanın aparıcı müəllifi, London Kral Kollecinin metabolik və bariatrik cərrahiyyə üzrə professoru Françesko Rubino bildirib ki, bədən kütləsi indeksinə əsaslanan ölçmələrin qeyri-dəqiqliyi çoxdan məlumdur. Lakin indiyədək bundan daha yaxşı qiymətləndirmə sistemi mövcud olmayıb.
Yeni metodda BKİ ilə yanaşı, bel çevrəsi və bədəndəki yağ faizinin də nəzərə alınması təklif edilir. Bundan başqa, diaqnoz qoyulmazdan əvvəl artıq çəki ilə əlaqəli orqan funksiyalarında pozuntuların olub-olmadığı yoxlanılmalıdır.
Tədqiqatın nəticələrinə görə, hazırda piylənmə diaqnozu qoyulan insanların 1-3 faizi yeni meyarlar tətbiq edildikdə bu kateqoriyaya daxil edilməyə bilər. Eyni zamanda, bədənində yağ faizi yüksək olan insanların 5-9 faizinə əvvəllər müəyyən edilməmiş piylənmə diaqnozu qoyula bilər.
Maraqlı məqamlardan biri də odur ki, araşdırılan dörd ölkədə piylənməsi olan insanların orta hesabla yalnız 27 faizi klinik piylənmədən əziyyət çəkir. Bu isə ümumi yetkin əhalinin təxminən 8,5 faizinə bərabərdir.
Alimlərin qənaətinə görə, klinikadan əvvəlki piylənmə mərhələsində olan insanların təxminən 82 faizi sonradan klinik piylənmə mərhələsinə keçməyib.
Tədqiqatçılar hesab edirlər ki, yeni təsnifat sistemi piylənmənin daha dəqiq müəyyənləşdirilməsinə, xəstələrin ehtiyaclarına uyğun müalicə seçilməsinə və səhiyyə siyasətinin təkmilləşdirilməsinə kömək edə bilər.
Aydın