
Xüsusi ritmik stimulyasiya ilə zənginləşdirilmiş musiqi stress hormonunun səviyyəsini aşağı sala və narahatlıqla mübarizəyə kömək edə bilər.
Qaynarinfo xəbər verir ki, bu qənaətə Kanadanın Toronto Metropolitan Universitetinin alimləri gəliblər. Tədqiqatın nəticələri “International Journal of Psychophysiology” jurnalında dərc olunub.
Araşdırmada ümumiləşdirilmiş narahatlıq epizodu yaşadığını bildirən 83 tələbə iştirak edib. Onlar təsadüfi qaydada iki qrupa bölünüblər. Birinci qrup 24 dəqiqə ərzində eşitmə ritmik stimulyasiyası (ABS) əlavə edilmiş, iştirakçıların fərdi vəziyyətinə uyğunlaşdırılan musiqi dinləyib. Musiqinin ritmi dinləmə zamanı tədricən dəyişdirilərək rahatlamağa kömək edəcək şəkildə tənzimlənib.
İkinci qrup isə aşağı tezlikli səslərin üstünlük təşkil etdiyi, yağışın və ya axar suyun səsini xatırladan çəhrayı səs-küyə qulaq asıb.
Tədqiqatçılar dinləmədən əvvəl və sonra iştirakçıların kortizol səviyyəsini, ürək ritminin dəyişkənliyini, narahatlıq dərəcəsini və əhvalını ölçüblər.
Nəticələr göstərib ki, hər iki qrupda kortizolun səviyyəsi azalıb. Lakin xüsusi ritmik stimulyasiyalı musiqi dinləyənlərdə bu göstəricinin azalması çəhrayı səs-küyə qulaq asanlarla müqayisədə iki dəfədən çox olub.
Bununla yanaşı, iştirakçıların subyektiv narahatlıq hissi və əhval-ruhiyyəsindəki yaxşılaşma hər iki qrupda təxminən eyni səviyyədə qeydə alınıb. Ürək ritminin dəyişkənliyində də ciddi fərq müşahidə edilməyib.
Alimlərin sözlərinə görə, eşitmə ritmik stimulyasiyası beynin rahatlama ilə əlaqəli fəaliyyətinə təsir göstərə bilən sinxronlaşdırılmış səs impulslarından istifadəni nəzərdə tutur. Bu texnologiyanın növlərindən biri də binural ritmlərdir. Bu zaman sol və sağ qulağa bir-birindən cüzi fərqlənən tezliklərdə səslər ötürülür.
Bununla belə, tədqiqat müəllifləri əldə olunan nəticələrin musiqinin uzunmüddətli təsirini sübut etmədiyini vurğulayıblar. Araşdırmanın azsaylı iştirakçıları əhatə etməsi, yalnız tələbələr arasında aparılması və təsirin bir seansdan sonra qiymətləndirilməsi əlavə tədqiqatlara ehtiyac yaradır.
Alimlər xüsusi ritmə malik musiqinin müntəzəm dinlənildiyi halda da stress və narahatlığa təsirinin davam edib-etmədiyini müəyyənləşdirməyi planlaşdırırlar.
Aydın