
Keyfiyyətli yuxu əldə etmək istəyən insanlar sosial şəbəkələrdə yayılan müxtəlif üsullara müraciət edirlər. Lakin ağızın gecə yapışqan lentlə bağlanmasından tutmuş ağır yorğanlardan istifadəyə qədər bir çox populyar metodun elmi əsası yoxdur.
Qaynarinfo xəbər verir ki, alimlər yuxu ilə bağlı geniş yayılmış dörd yanlış təsəvvürü araşdıraraq sağlam istirahət üçün vacib məqamları açıqlayıblar. Bu barədə “Science Focus” nəşri yazıb.
Bir neçə saat yatmaqla kifayətlənmək mümkündürmü?
Mütəxəssislərin sözlərinə görə, bəzi insanlar genetik xüsusiyyətlər sayəsində qısa yuxudan sonra da özlərini gümrah hiss edə bilirlər. Lakin bu qabiliyyət əhalinin cəmi 1-3 faizində müşahidə olunur. Digər insanlar üçün yuxu müddətinin mütəmadi azaldılması yaddaş və düşünmə qabiliyyətinə mənfi təsir göstərə, uzunmüddətli sağlamlıq risklərini artıra bilər.
Populyar üsullar ideal yuxu təmin edirmi?
Sosial şəbəkələrdə yayılan “sleepmaxxing” trendi yuxunun keyfiyyətini müxtəlif üsullarla maksimum yaxşılaşdırmağı hədəfləyir. Ağızın yapışqan lentlə bağlanması, ağ səsdən istifadə və ağır yorğanlarla yatmaq bu metodlar arasındadır. Ancaq alimlər xəbərdarlıq edirlər ki, xüsusilə burun tutulması, allergiya və tənəffüs problemləri olan şəxslər üçün ağızın bağlanması təhlükəli ola bilər.
Yaxşı yatmaq üçün yalnız axşam rejimi vacibdirmi?
Araşdırmalar göstərir ki, yuxunun keyfiyyətinə gün ərzindəki vərdişlər də ciddi təsir edir. Səhər təbii gün işığına çıxmaq orqanizmin bioloji saatını tənzimləməyə kömək edir. Müntəzəm fiziki aktivlik isə yuxunun müddətini artıra və gecə oyanmalarını azalda bilər. Bununla yanaşı, günün ikinci yarısında kofeindən uzaq durmaq, alkoqol qəbulunu məhdudlaşdırmaq və eyni saatlarda yatıb oyanmaq tövsiyə olunur.
Gündüz yuxululuğu adi yorğunluqdurmu?
Alimlər yorğunluqla yuxululuğun fərqli hallar olduğunu bildirirlər. Gün ərzində həddindən artıq yuxululuq bəzən yuxu pozuntularının əlaməti ola bilər. Bunlardan biri yuxu apnesidir. Bu zaman insan yatarkən tənəffüsündə müvəqqəti fasilələr yaranır. Alimlərin qiymətləndirməsinə görə, dünyada təxminən hər səkkiz nəfərdən biri bu problemdən əziyyət çəkə bilər.
Güclü xoruldama, gecə tez-tez oyanma və gündüz davamlı yuxululuq yuxu apnesinin mümkün əlamətləri hesab olunur.
Mütəxəssislər keyfiyyətli istirahət üçün sabit yuxu rejiminə əməl etməyi, səhərlər gün işığında daha çox vaxt keçirməyi, fiziki aktivliyi artırmağı və rahat yatmaq şəraiti yaratmağı məsləhət görürlər. Bu əlamətlər davamlı müşahidə olunarsa, həkimə müraciət etmək vacibdir.
Aydın