Xəbər lenti

İtaliyada fəlakət qorxusu: 500 min insan supervulkanın üzərində yaşayır
Dünya22:20 14.11.2026

İtaliyada fəlakət qorxusu: 500 min insan supervulkanın üzərində yaşayır

Neapol yaxınlığında yerləşən və dünyanın ən təhlükəli vulkanlarından biri hesab edilən Flegrey çöllərinin (Kampi-Flegrey) kalderasında təxminən 500 min insan yaşayır. Son illərdə burada seysmik aktivlik güclənib: zəlzələlər evlərə ziyan vurur və sakinləri yaşayış yerlərini tərk etməyə məcbur edir. İndi İtaliya hakimiyyəti insanlar üçün riskləri azaltmağın yollarını axtarır.

Qaynarinfo xəbər verir ki, bu barədə “Financial Times” yazır.

Flegrey çölləri ərazisində onilliklərdir çoxsaylı yeraltı təkanlar qeydə alınsa da, son illərdə onların gücü artıb. Bu, yerin altında toplanan və səthə doğru hərəkət edən qazlar və maqma ilə əlaqələndirilir. İyulun 31-də baş verən zəlzələ son onilliklərin ən güclülərindən biri olub.

İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun keçmiş prezidenti Karlo Doloni bildirib:

“Bu, təkcə İtaliyada deyil, bütün dünyada ən təhlükəli vulkanlardan biridir. Orada olduğunuz zaman təhlükə hiss etmirsiniz. Dənizi, gözəl mənzərələri görürsünüz. Bura möhtəşəm yerdir. İnsanlar deyirlər: “Biz bu riski qəbul edirik".

Alimlər yaxın zamanda vulkan püskürməsinin baş verəcəyinə dair əlamətlər görməsələr də, zəlzələlər kaldera ərazisində yaşayan icmalar üçün ciddi problemlər yaradır.

Pozzuoli şəhərində yayda baş verən güclü zəlzələ nəticəsində təxminən 5700 sakin evlərini tərk etmək məcburiyyətində qalıb. Yeraltı təkanlar yerli binaları o qədər güclü silkələyib ki, onların bir çoxu dağılmasa da, hazırda yaşayış üçün təhlükəli hesab olunur.

Doloni qeyd edib: “İnsanlar artıq Flegrey çöllərinin təhlükəli olduğunu dərk edirlər. Son bir neçə ildə zəlzələlərin sayı artıb. Onların ocaqları yer səthinə çox yaxın yerləşdiyindən təkanlar kifayət qədər güclü hiss olunur”.

Hakimiyyət riskləri necə azaltmağı planlaşdırır?

Ötən ay Flegrey çöllərinin təxminən 700 sakini zərər çəkmiş bələdiyyələrin merləri ilə birlikdə Romaya gedib. Onlar hökumətdən maliyyələşmənin artırılmasını və bürokratik prosedurların sadələşdirilməsini tələb ediblər. Məqsəd binaların təcili möhkəmləndirilməsi işlərini sürətləndirmək və sakinlərin zədələnmiş evlərinə qayıtmasına imkan yaratmaqdır.

Həmin vaxt hökumət Flegrey çöllərinə dəstək məqsədilə 1 milyard avro dəyərində onillik planı təsdiqləyib. Plana özəl evlərin seysmik möhkəmləndirilməsi xərclərinin 70 faizədək hissəsinin subsidiyalaşdırılması, eləcə də mümkün fövqəladə təxliyəyə hazırlığın yaxşılaşdırılması daxildir.

Mülki müdafiə naziri Nello Musumeçi planı təqdim edərkən bildirib:

“Dövlət mümkün olmayanı, yəni riski tamamilə aradan qaldırmağı vəd etmir. Lakin insanların üzləşdiyi təhlükə səviyyəsini və onların həssaslığını azaltmağı öz üzərinə götürür”.

Nazir eyni zamanda bildirib ki, Neapol yaxınlığında yerləşən, münasib qiymətli mənzilləri və mənzərəli təbiəti ilə tanınan bu ərazini tərk etmək istəyən sakinlər maliyyə stimulları ilə həvəsləndiriləcək.

“Ən azı ən həssas binalardan və risk səviyyəsi ən yüksək olan ərazilərdən könüllü köçü təşviq etmək lazımdır”, – deyə o bildirib.

Bununla belə, Musumeçi köçürülmə çağırışlarının siyasi baxımdan “çox həssas məsələ” olduğunu etiraf edib.

Kalderada aktivlik əlamətləri müşahidə olunur

Flegrey çöllərində sonuncu vulkan püskürməsi 1538-ci ildə baş verib. Bundan sonra ərazi əsrlər boyu sakit qalıb və tədricən məskunlaşıb. Lakin son onilliklərdə kalderada yenidən aktivləşmə əlamətləri müşahidə olunur. 1950-ci ildən bəri Pozzuoli ərazisində yer səthi təxminən 4,6 metr yüksəlib. Vulkanoloqlar gələcəkdə kütləvi təxliyə tələb edə biləcək püskürmə ehtimalını istisna etmirlər.

London Universitet Kollecinin Təhlükələrin Tədqiqi Mərkəzinin direktoru, vulkanoloq Kristofer Kilbern bildirib:

“Püskürmənin baş verəcəyinə və ya yaxın zamanda baş verəcəyinə dair aydın sübutlar yoxdur. Əsas dilemma da məhz budur”.

O əlavə edib: “Adətən vulkanlardan danışarkən insanların onların ətrafında yaşadığını nəzərdə tuturuq. Burada isə insanlar birbaşa vulkanın üzərində yaşayırlar. Püskürmə baş verərsə, bu, insanların ayaqları altında baş verəcək”.

İtaliya kalderanı Vezuvi Rəsədxanası vasitəsilə daim müşahidə altında saxlayır. Burada alimlər seysmik aktivliyi, zəhərli qazların emissiyasını və yer səthinin yüksəlmə sürətini fasiləsiz izləyirlər.

Rəsədxananın direktoru Lusiya Pappalardo izah edib ki, bu göstəricilər püskürmənin yaxınlaşmasını əvvəlcədən müəyyənləşdirməyə və insanların vaxtında təxliyə olunmasına imkan verir. Gecə-gündüz fəaliyyət göstərən idarəetmə mərkəzində İtaliyanın Mülki Müdafiə Departamenti ilə birbaşa əlaqə üçün xüsusi qırmızı telefon da var. Təxliyəni məhz bu qurum koordinasiya edəcək.

Pappalardo bildirib: “Püskürməni əvvəlcədən proqnozlaşdırmaq mümkündür, buna görə də insanlar həyatlarını xilas edə biləcəklər”.

Bununla yanaşı, o xəbərdarlıq edib ki, belə vəziyyətdə belə yerli sakinlər böyük itkilərlə üzləşəcəklər.

“İnsanların həyatını xilas etmək mümkündür, lakin binaları, evləri və digər tikililəri qorumaq mümkün deyil. Biz bu reallıqla yaşamalıyıq. Sahib olduğumuz hər şeyi itirmək riskini qəbul etmək lazımdır”.

Təxliyənin acı təcrübəsi

1970–1980-ci illərdə uzun müddət davam edən zəif yeraltı təkanlar səbəbindən Pozzuolinin tarixi mərkəzində yaşayan on minlərlə insan evlərindən məcburi şəkildə təxliyə edilib. Bu hadisə sakinlərdə acı xatirələr və hakimiyyətə qarşı inamsızlıq yaradıb.

Sonradan yerli hakimiyyət tərk edilmiş tarixi mərkəzi turizm kompleksinə çevirmək üçün təxminən 200 milyon avro xərcləyib. Lakin layihə hələ də başa çatdırılmayıb və ərazi boş olaraq qalır.

Zəlzələlər insanların həyatını dəyişir

Hazırda Flegrey çöllərinin sakinlərini ən çox zəlzələlərin nəticələri narahat edir. Bir çox ev güclü yeraltı təkanlara davamlı olmadığından iyul zəlzələsindən sonra bəzi sakinlər yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıblar.

Bu vəziyyət yerli biznesə də təsir göstərib. Belə ki, Pozzuolinin tarixi sahilində yerləşən barın sahibi Antonio İmpesi müştərilərin demək olar ki, qalmadığından şikayətlənir.

“Burada heç kim yoxdur. Axşam gəlib şəhərdə gəzsəniz, ətrafın qaranlıq olduğunu görərsiniz”, – deyə o bildirib.

Evləri yaşayış üçün yararsız hesab edilən insanlar isə çətin vəziyyətə düşüblər. Neapol ətrafında daşınmaz əmlak qiymətlərinin yüksək olması səbəbindən başqa mənzil tapmaq çətindir. Zədələnmiş evlərin təmiri isə uzun müddət və böyük xərc tələb edə bilər.

Zəlzələ Pozzuolinin 20 tarixi katolik kilsəsinə də ziyan vurub. Onlardan bəziləri hələ XVII əsrdə inşa edilib. İyul təkanlarından sonra bütün bu kilsələr ziyarət üçün təhlükəli hesab olunub. Bununla belə, hökumət onların seysmik möhkəmləndirilməsi üçün 10 milyon avro ayırmağı planlaşdırır.

Yerli keşiş Roberto Della Rokka bildirib: “Burada normal həyata qayıtmaq üçün böyük istək var. Çünki Pozzuolidə fövqəladə vəziyyət adi gündəlik həyatla iç-içədir. Biz dəymiş ziyanı izləyirik və bundan sonra necə hərəkət etməli olduğumuzu anlamağa çalışırıq. Lakin vəziyyət asan deyil”.

İki məktəbyaşlı uşaq anası olan 39 yaşlı müəllimə Anna Nasti bütün həyatını Pozzuolidə keçirib. Onun ailəsi sahil yaxınlığında, İkinci Dünya müharibəsindən sonra inşa edilmiş sosial mənzil kompleksində yaşayırdı. Lakin 96 ailənin məskunlaşdığı binalar son zəlzələ nəticəsində ciddi ziyan gördüyündən kompleksin sökülməsi planlaşdırılır.

Zəlzələ səbəbindən evsiz qalan digər sakinlər kimi Nasti də başqa mənzil kirayələmək üçün ayda 750 avro yardım alır. Ancaq o, Neapolda daşınmaz əmlak qiymətlərinin çox yüksək olması səbəbindən bu məbləğin kirayə üçün kifayət etmədiyini deyir. Buna görə də o, uşaqları ilə birlikdə müvəqqəti olaraq dostlarının evində yaşamağa məcburdur.

Qadın ailəsinin artıq üç nəsildir yaşadığı dənizkənarı icmadan iki uşağını uzaqlaşdırmaq fikri ilə barışa bilmədiyini etiraf edir.

“Pozzuolini tərk etmək, səni dinləmək istəməyən bir uşağı tərk etmək kimidir. Bu yerdən ayrılmaq mənim üçün çox çətindir”, – deyə Nasti bildirib.

İtaliya supervulkanının yaxınlığındakı vəziyyət barədə daha çox

Daha əvvəl bildirilmişdi ki, sonuncu püskürməsindən təxminən 500 il keçməsinə baxmayaraq, İtaliyanın Kampi-Flegrey vulkanı aktivlik əlamətləri göstərməkdə davam edir. Onilliklərdir burada yer səthinin yüksəlməsi, zəlzələlər və qaz emissiyaları müşahidə olunur.

London Universitet Kollecinin və İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun mütəxəssislərinin apardığı araşdırma göstərib ki, uzunmüddətli deformasiya yer qabığının üst qatlarını tədricən zəiflədib.

Alimlərin fikrincə, təxminən 2020-ci ildən etibarən bu dəyişikliklərin bir hissəsi süxurların əyilməsi ilə yanaşı, onların dağılması və qırılmalar boyunca hərəkət etməsi nəticəsində baş verməyə başlayıb.

Aydın