
“SpaceX” və “Tesla” şirkətlərinin sahibi İlon Mask "Nvidia"nın sabiq baş direktoru Censen Huanı işə götürməyə hazır olduğunu açıqlayıb.
Qaynarinfo xəbər verir ki, Mask bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
O, Huanı işə götürməyin özü üçün “şərəf olacağını” qeyd edib. Bununla belə, milyarder onun hansı şirkətində vəzifə ala biləcəyini dəqiqləşdirməyib.
Maskın açıqlaması Huanın gələcək karyerası ilə bağlı müzakirələrə səbəb olub. Onun “SpaceX” və ya iş adamına məxsus digər şirkətlərdən birində çalışa biləcəyi ehtimalı irəli sürülür. Lakin tərəflər arasında rəsmi danışıqların aparıldığına və konkret iş təklifinin verildiyinə dair məlumat yoxdur.
Qeyd edək ki, Huanın "Nvidia"dan ayrılması casusluq şübhələri, maraqlar toqquşması və şəxsi həyatı ilə bağlı iddiaların gündəmə gəlməsindən sonra baş verib. Xüsusilə şirkətin çiplərinin ABŞ-ın ixrac məhdudiyyətlərinə baxmayaraq Çinə qanunsuz yollarla ötürülməsi ehtimalı ciddi müzakirələrə səbəb olub.
Məqalədə istinad edilən "Culper Research" araşdırma şirkəti "Nvidia"nın 2026-cı maliyyə ilində hesablama avadanlıqlarından əldə etdiyi gəlirlərin 20 faizdən çoxunun çiplərin Çinə qanunsuz yönləndirilməsi ilə əlaqəli ola biləcəyini iddia edib. Bununla belə, həmin məlumatlar müstəqil şəkildə təsdiqlənmiş fakt deyil.
Maraqlıdır ki, Mask və Huanın Çinə texnologiya ixracı məsələsində mövqeləri də fərqlənib. Huan ABŞ-ın Çin bazarına çip satışına tətbiq etdiyi məhdudiyyətlərin yumşaldılmasını dəstəklədiyi halda, Maskın daha sərt ixrac nəzarəti tərəfdarları ilə eyni mövqedə olduğu bildirilir.
Buna baxmayaraq, Maskın Huanı öz şirkətlərindən birində görmək istədiyini açıqlaması diqqət çəkib. Hələlik isə sabiq "Nvidia" rəhbərinin gələcək karyerası ilə bağlı konkret qərar yoxdur.
Aydın