
Noyabrın 16-da Mars və Yupiter planetləri səmada bir-birinə olduqca yaxın görünəcək. Sübh saatlarında müşahidə ediləcək bu astronomik hadisə planetləri eyni anda görmək üçün nadir fürsət yaradacaq.
Qaynarinfo xəbər verir ki, “Space.com”un məlumatına görə, planetlər arasındakı görünən məsafə noyabrın 16-da Bakı vaxtı ilə saat 06:04-də minimuma enəcək. Onlar gecəyarısına yaxın şərq üfüqündən görünməyə başlayacaq, səhərə doğru isə müşahidə üçün daha əlverişli mövqeyə yüksələcəklər.
Bu cütlükdə Yupiter daha parlaq görünəcək. Qırmızımtıl rəngə malik Mars isə ondan bir dərəcədən bir qədər çox məsafədə yerləşəcək. Planetlərin yaxınlığında Şir bürcünün ən parlaq ulduzlarından biri olan Regulus da müşahidə ediləcək.
Mütəxəssislərin məlumatına əsasən, Mars və Yupiteri 10 qat böyütmə qabiliyyətinə malik durbinlə eyni görüntü sahəsində izləmək mümkün olacaq.
Planetlər yaxınlaşmadan sonra tədricən bir-birindən uzaqlaşacaq. Onların səmada növbəti dəfə bu qədər yaxın görünməsi isə yalnız 2029-cu ilin iyulunda, Qız bürcü istiqamətində baş verəcək.
Aydın