
Fransanın dövlət televiziyası "France Télévisions" ölkə prezidenti Emmanuel Makronun canlı efirdə təhqir olunması ilə bağlı qalmaqalın mərkəzinə düşüb. Yelisey sarayı telekanalın rəhbərliyindən rəsmi üzr istənilməsini tələb edir.
Qaynarinfo xəbər verir ki, bu barədə Fransanın “Le Point” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, son vaxtlar Yelisey sarayında "France Télévisions"un xəbər xidmətinin fəaliyyətindən narazılıq artıb. Narazılığa səbəb iki ayrı hadisə olub.
Belə ki, oktyabrın 6-da France 2 telekanalının efirində Makronu təhqir edən yazının yer aldığı plakat nümayiş etdirilib. Noyabrın 7-də isə "France Info" kanalının canlı yayımında 8 yaşlı uşaq Fransa prezidentini bir neçə dəfə söyüşlə təhqir edib.
"France Info" rəhbərliyi baş verənləri səhv kimi qəbul edib. "France Télévisions"un rəhbər müavini isə prezidentin həyat yoldaşı Bricit Makrondan üzr istəyib. Lakin bu reaksiya Yelisey sarayını qane etməyib. Fransa hökumətində bildirilib ki, telekanalın informasiya xidmətinin direktoru Filip Korbe hadisələrlə bağlı rəsmi üzrxahlıq etməyib.
Qeyd edək ki, Emmanuel Makron və həyat yoldaşı Bricit Makron bu yaxınlarda sağçı fəal Kendıs Ouensə qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı iddia qaldırıblar. Ouens öz podkastlarında Fransanın birinci xanımını kişi adlandıran fikirlər səsləndirib. “Politico”nun məlumatına görə, 409 səhifəlik iddia ərizəsində bu iddiaların yayılma səbəbləri və halları daha ətraflı əsaslandırılıb.
Aydın