
12 noyabr tarixində Dublin şəhərində “Avropa Siyasi Birliyi” (EPC) Zirvə toplantısı zamanı bəzi ölkələrin təşəbbüsü əsasında irəli sürülmüş “Avropa təhlükəsizliyinin əsas prinsipləri haqqında Bəyannaməyə”, “Miqrasiya haqqında Bəyanata” və “Narkotiklərə qarşı Avropa Koalisiyasının Bəyanatına” bir sıra ölkələr qoşulub.
Qaynarinfo xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “Avropa Siyasi Birliyinin” 9-cu Zirvə toplantısı zamanı qəbul olunmuş sənədlərlə bağlı medianın sualına cavabında bildirib.
“Məlumdur ki, EPC ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın təşviqi məqsədi daşıyan qeyri-rəsmi dialoq platforması kimi formalaşıb. Ölkəmizin EPC-də iştirakının məqsədi ümumi maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmaq, ortaq çağırışlara dair yanaşmaları müzakirə etmək və iştirakçı ölkələrlə əməkdaşlıq imkanlarını genişləndirməkdir. Bununla əlaqədar, Azərbaycan tərəfi hüquqi və siyasi cəhətdən əlavə öhdəlik yaradan sözügedən sənədlərə qoşulmayıb”, deyə XİN rəsmisi vurğulayıb.