Xəbər lenti

Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar
Dünya08:15 13.11.2026

Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Saç düzümü yalnız xarici görünüş və estetik seçim məsələsi deyil. Bəzi mütəxəssislərin fikrincə, saçın necə daranması insanın daxili dünyası, emosional vəziyyəti və özünü ifadəetmə tərzi ilə bağlı müəyyən işarələr verə bilər.

Qaynarinfo xəbər verir ki, Fransanın “Psychologies” jurnalı saç düzümünün mümkün psixoloji mənaları barədə yazı dərc edib.

Enerji praktikaları üzrə mütəxəssis Mişel Udul və Parisdə fəaliyyət göstərən stilist Remi Portre bu mövzunu birlikdə qələmə aldıqları “Saçlar, mənə özüm haqqında danış” kitabında araşdırıblar. Onların fikrincə, saç düzümü insanın gizli qorxularını, istəklərini və psixoloji müdafiə mexanizmlərini simvolik şəkildə əks etdirə bilər.

Mütəxəssislər ən çox rast gəlinən beş saç düzümünün mümkün mənalarını izah ediblər.

Saçlarını arxaya darayanlar

Müəlliflərin fikrincə, saçları arxaya daramaq məqsədyönlülük və özünəinamla əlaqələndirilir. Alın və üzün açıq qalması insanın özünü gizlətmək istəmədiyini, başqalarının fikirlərindən çəkinmədiyini və qarşısına qoyduğu məqsədlərə doğru irəliləməyə hazır olduğunu simvolizə edir.

Ortadan və ya yanlardan ayrılan saçlar

Ortadan ayrılmış saçlar daxili tarazlıq axtarışının göstəricisi kimi təqdim olunur. Mütəxəssislər bunu insanın düşüncə və intuisiya arasında uyğunluq yaratmaq cəhdi ilə əlaqələndirirlər.

Saçın soldan ayrılması isə müəlliflərin yanaşmasına görə, insanın daha həssas və kövrək tərəfini gizlətmək istəyini ifadə edə bilər. Sağ tərəfdən ayrılan saçlar da daxili ziddiyyətlərin və özünüifadə ilə bağlı tərəddüdlərin simvolu kimi şərh olunur.

Alına tökülən saçlar və çolka

Alına düşən saçlar xarici dünyadan müəyyən mənada qorunma ehtiyacını ifadə edən simvol kimi izah edilir. Xüsusilə qalın və uzun çolka seçən insanların daha çox özünə qapanmağa və təhlükəsiz şəxsi məkan yaratmağa meyilli ola biləcəyi bildirilir.

Yüngül və seyrək çolka isə ehtiyatlı davranmaqla yanaşı, emosional həssaslığı tədricən üzə çıxarmaq istəyini göstərə bilər.

Açıq ənsə

Mütəxəssislər ənsəni insanın daha şəxsi və gizli tərəfini simvolizə edən nahiyə hesab edirlər. Qısa saç kəsimi və ya ənsəni açıq saxlayan düzüm onların yanaşmasında özünəinamın artması, səmimiyyət və insanın olduğu kimi görünmək istəyinin ifadəsi sayılır.

Açıq və örtülü gicgahlar

Saç düzümündə gicgahların açıq qalması geniş dünyagörüşü, intellektual açıqlıq və yeni fikirləri qəbul etməyə hazırlıqla əlaqələndirilir. Əksinə, gicgahların saçlarla örtülməsi insanın daha çox öz daxili dünyasına yönəlməsi və xarici təsirlərdən qorunmaq istəyi kimi şərh olunur.

Aydın