
Azərbaycan Respublikası Milli Məclisinin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında deputat, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova təhsilə ayrılan büdcə vəsaitlərinin səmərəli istifadəsi, məktəb dərsliklərinin məzmun keyfiyyəti və milli-mənəvi dəyərlərin tədris prosesində qorunması məsələlərini gündəmə gətirib.
Deputat çıxışında bildirib ki, büdcə müzakirələri yalnız maliyyə göstəricilərinin nəzərdən keçirilməsi ilə məhdudlaşmamalı, dövlətin gələcəyini müəyyən edən strateji prioritetlərə münasibətin ifadəsinə çevrilməlidir. Onun sözlərinə görə, təhsilə ayrılan hər bir manat ölkənin intellektual potensialına, gələcək nəslin formalaşmasına qoyulan sərmayədir.
E. Akimova son günlər ictimai müzakirələrin əsas mövzularından birinə çevrilən məktəb dərsliklərinin vəziyyətinə də xüsusi diqqət çəkərək qeyd edib ki, dərsliklərdə müşahidə olunan məzmun qüsurları, səthi yanaşmalar və texniki çatışmazlıqlar valideynlərin, müəllimlərin və mütəxəssislərin haqlı narahatlığına səbəb olur. Deputatın fikrincə, bu narahatlıqlara aidiyyəti qurumlar tərəfindən adekvat münasibət göstərilməli, ictimaiyyətə aydın izahat verilməli və problemlərin aradan qaldırılması istiqamətində konkret addımlar atılmalıdır.
“Suveren dövlətimizin milli-mənəvi dəyərlərinin keşiyində duran, uşaqlarımıza düzgün tariximizi, milli kimliyimizi və ana dilimizi aşılayan dərsliklər bizim strateji təhlükəsizliyimizdir”, – deyə millət vəkili vurğulayıb.
Onun sözlərinə görə, dərsliklərin hazırlanması, nəşri və təkmilləşdirilməsi üçün dövlət büdcəsindən əhəmiyyətli vəsait ayrılır. Bu baxımdan, həmin vəsaitlərin xərclənməsi ilə əldə olunan nəticələr arasında ciddi uyğunluq olmalıdır. Əgər milyonlarla manat dövlət vəsaiti hesabına hazırlanan dərsliklər ictimaiyyətdə əsaslı narazılıq doğurursa, bu, həm də mövcud nəzarət və keyfiyyət təminatı mexanizmlərinin yenidən nəzərdən keçirilməsini zəruri edir.
Deputat çıxışında Prezident İlham Əliyevin təhsilin, milli kimliyin və mənəvi dəyərlərin qorunmasının əhəmiyyətinə dair mövqeyinə də istinad edib. O qeyd edib ki, güclü dövlət yalnız iqtisadi və siyasi imkanları ilə deyil, həm də sağlam düşüncəli, milli-mənəvi dəyərlərinə bağlı, intellektual cəhətdən hazırlıqlı vətəndaşları ilə formalaşır.
E. Akimova təhsilin milli inkişaf strategiyasındakı rolunu vurğulayaraq, dərsliklərin uşaqların dünyagörüşünün formalaşmasında müstəsna əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, dərslik sadəcə tədris materialı deyil, həm də tarix yaddaşını, milli kimliyi, ana dilinə münasibəti və vətəndaşlıq şüurunu formalaşdıran mühüm vasitədir.
“Dərslik sadəcə uşağın çantasına qoyulan kitab deyil. O, uşağın dünyagörüşünə, tarix yaddaşına, milli kimliyinə və gələcəkdə necə bir vətəndaş olacağına təsir göstərən strateji vasitədir. Ona görə də dərsliklərin keyfiyyətinə münasibətimiz, əslində, öz gələcəyimizə münasibətimizdir”, – deyə deputat bildirib.
Deputat mövcud problemlərin həlli üçün bir sıra konkret təşəbbüslərlə çıxış edib. O, ilk növbədə, Milli Məclisdə Elm və Təhsil Nazirliyinin, aidiyyəti dövlət qurumlarının, mütəxəssislərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə mütəmadi ictimai dinləmələrin keçirilməsini təklif edib. Millət vəkili hesab edir ki, bu müzakirələr dərsliklərin hazırlanması və təkmilləşdirilməsi prosesində mövcud nöqsanların üzə çıxarılmasına, müxtəlif təkliflərin dinlənilməsinə və səmərəli həll yollarının müəyyənləşdirilməsinə imkan verəcək.
Bununla yanaşı, dərsliklərin hazırlanmasına və nəşrinə ayrılan büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı müvafiq komitəyə ətraflı və şəffaf hesabat təqdim olunmasının vacibliyini diqqətə çatdırıb. O, həmçinin dərsliklərin qiymətləndirilməsi prosesində tanınmış alimlərin, müstəqil mütəxəssislərin, ziyalıların və ictimaiyyət nümayəndələrinin real iştirakını təmin edəcək ekspertiza komissiyasının yaradılmasını təklif edib.
Deputatın fikrincə, dərsliklərin məzmununa nəzarət yalnız formal prosedur xarakteri daşımamalı, elmi dəqiqlik, dil normaları, pedaqoji yanaşma, tarixi həqiqətlər və milli-mənəvi dəyərlər baxımından hərtərəfli qiymətləndirməyə əsaslanmalıdır.
Çıxışının sonunda Elnarə Akimova vurğulayıb ki, parlamentin vəzifəsi yalnız dövlət büdcəsini rəqəmlər əsasında təsdiqləmək deyil, həm də ayrılan vəsaitlərin hansı məqsədlərə xidmət etdiyini, hansı nəticələr verdiyini və ölkənin gələcək inkişafına necə töhfə göstərdiyini diqqətdə saxlamaqdır.
“Bizdən gözlənilən təkcə büdcəni rəqəmlər olaraq təsdiqləmək deyil, dövlətin pulunun hara və necə xərcləndiyinə, xüsusilə də uşaqlarımızın təhsil keyfiyyətinə və milli ruhuna necə xidmət etdiyinə nəzarət etməkdir”, – deyə deputat qeyd edib.
Elnarə Akimova dövlət büdcəsini dəstəklədiyini bildirərək, təhsil sahəsində keyfiyyətin yüksəldilməsi, dərsliklərin məzmun baxımından təkmilləşdirilməsi və bu istiqamətdə ictimai nəzarətin gücləndirilməsinin vacibliyini bir daha diqqətə çatdırıb.