
2027-ci ildə Azərbaycanda təhsil xərclərinə 5 milyard 99 milyon manat vəsait ayrılması proqnozlaşdırılır. Bu, əvvəlki illə müqayisədə artım olsa da, təhsilin keyfiyyəti, infrastrukturun müasirləşdirilməsi və əmək bazarının tələblərinə uyğun kadr hazırlığı kimi məsələlər yenə də aktuallığını qoruyur.
Bəs artırılan büdcə vəsaiti təhsildə hansı problemlərin həllinə yönəldilməlidir? Təhsil müəssisələri yalnız dövlət maliyyəsindən asılı qalmalıdır, yoxsa onların öz gəlirlərini formalaşdırmaq imkanları da genişləndirilməlidir?
Qaynarinfo-nun bu suallarını təhsil eksperti Elmin Nuri cavablandırıb.
Elmin Nuri hesab edir ki, təhsilə ayrılan vəsaitin artması müsbət haldır. Lakin əsas müzakirə mövzusu təkcə büdcənin həcmi deyil, təhsil müəssisələrinin maliyyə baxımından müstəqilliyini necə təmin etmək olmalıdır. Xüsusilə ali təhsil müəssisələrinin maliyyə müstəqilliyi məsələsinə diqqət artırılmalıdır. Onun fikrincə, universitetlər yalnız dövlət büdcəsindən və tələbələrin ödədiyi təhsil haqlarından asılı qalmamalıdır:
“Dünyanın bir çox ölkələrində universitetlər artıq özlərini təmin edir, öz büdcələrini formalaşdırırlar. Universitet elm, sənaye, innovasiya üçbucağında uğurlu fəaliyyəti ilə gəlir qazana bilir. Təbii ki, mən demirəm ki, bizdə ictimai-humanitar profilli universitetlər əmək bazarında böyük pul qazana bilər. Xeyr. Amma dövrün tələbinə uyğun olaraq İT-yönümlü, sənaye profilli, mühəndislik profilli universitetlər demək olar ki, nəsə qazana bilmirlər.
İllərdir ki, ali təhsil seqmentinin saxlanılması, özünü ayaqda saxlaması üçün dövlətdən pul ayrılır. Amma artıq dövlətə də dəstək lazımdır. Bu gün universitet yalnız tələbələrin ödədiyi illik təhsil haqqı hesabına deyil, həm də özünün marketinq siyasəti ilə irəlidə olmalıdır. Bax, burada biz axsayırıq. Üstəlik, təhsil və menecment, təhsil və marketinq yanaşmaları bizdə yanlış başa düşülür.
Mən qeyri-şəffaf marketinq yanaşmasını deyil, peşəkar marketinqi nəzərdə tuturam. Bu gün peşə təhsili, ali təhsil və orta ixtisas təhsili müəssisələri müəyyən qədər özlərini maddi baxımdan təmin edə bilməlidirlər. Amma bu, bizdə yoxdur”.

Ekspert düşünür ki, təhsilə ayrılan vəsait müzakirə edilərkən əsas diqqət təhsil müəssisələrinin özünü maliyyələşdirmə imkanlarına yönəlməlidir:
“Məncə, sizin sualınızdan əvvəl biz bu sualı verməliyik: bir təhsil müəssisəsi özü-özünü nə zaman təmin edə biləcək? Təhsilə ayrılan məbləğdən danışanda ən birinci verilməli olan sual budur. Yaxşı, bir təhsil müəssisəsi özü-özünü nə zaman təmin edə biləcək? Əsas problem budur.
Bəli, dövlət pul ayırır. Həmin pul universitetləri, məktəbləri ayaqda saxlayır. Məktəb təhsili bizdə icbaridir və dövlət məktəbləri maliyyələşdirir. Yeni maliyyə sisteminə keçildi, şagirdyönümlü, yəni şagird başına düşən maliyyə prinsipinə keçildi. Bu da çox faydalıdır.
Amma mən daha üst mərhələləri nəzərdə tuturam. Bu mərhələlərdə təhsil müəssisələri artıq öz sözlərini deməlidirlər. Məktəb də dövlətin ayırdığı vəsaitlə ayaqda qalır, gəlir qazanmaq potensialı olan daha üst təhsil müəssisələri də eyni vəziyyətdədir. Bunu bir qədər aradan qaldırmaq lazımdır. Dövlətə də dəstək lazımdır”.
Təhsil eksperti hesab edir ki, artan büdcə vəsaitinin istifadəsində gələcəyin tələbləri əsas götürülməlidir. Xüsusilə informasiya texnologiyaları, süni intellekt, robototexnika və STEAM istiqamətlərinə yatırımların artırılması vacibdir:
“Bu gün İT dövrü, süni intellekt dövrü, robototexnika, STEAM dövrüdür. Ayrılan vəsait əsasən bu istiqamətlərə fokuslananda gələcəyə daha yaxşı xitab etmiş oluruq. Məsələ bundan ibarətdir. Düşünürəm ki, əlavə vəsait təhsildəki inkişaf mexanizmini, inkişaf xəttini daha da irəli aparmağa, infrastrukturun, xüsusilə İT profilli infrastrukturun inkişafına, müasirləşməyə, həmçinin əlçatanlığın artırılması üçün zəruri prosedurlara öz müsbət təsirini göstərəcək".
Günay İlqarqızı