Xəbər lenti

Hindistanda süni intellekt qalmaqalı: Kitabxanalardakı yüzlərlə kitab şübhə doğurdu
Dünya10:12 13.11.2026

Hindistanda süni intellekt qalmaqalı: Kitabxanalardakı yüzlərlə kitab şübhə doğurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hindistanın Tamil Nadu ştatında dövlət kitabxanalarına süni intellekt vasitəsilə hazırlandığı ehtimal edilən yüzlərlə kitabın satın alınması böyük qalmaqala səbəb olub. Məsələ ilə bağlı məhkəmə araşdırmaya başlayıb, şübhəli nəşrlər kitabxanaların rəflərindən yığışdırılıb.

Qaynarinfo xəbər verir ki, qalmaqal tanınmış tamil yazıçısı Perumal Muruqanın Koimbatur şəhərində yerləşən Periyar Arivulagam Kitabxanasına səfərindən sonra gündəmə gəlib. Təxminən 34 milyon dollar vəsait hesabına inşa edilən və oktyabrda açılan kitabxananın tamil dilindəki bölməsindəki 1800-ə yaxın kitab onun diqqətini çəkib.

Muruqan həmin nəşrlərin az tanınan “Agal Vilakku Pathippagam” nəşriyyatı tərəfindən təmin edildiyini və bir sıra əsərlərdə ciddi məzmun uyğunsuzluqlarının olduğunu bildirib. Məlumata görə, bəzi kitablarda faktlar yanlış təqdim edilib, digərlərində isə məlumatlar bir-biri ilə ziddiyyət təşkil edib. Hətta nəşrlərin çap olunduğu göstərilən bəzi nəşriyyatların həmin kitablardan xəbərsiz olduğu üzə çıxıb.

300 səhifəlik kitablardan birinin 1445 rupiyə satılması da müzakirələrə səbəb olub. Hadisə Tamil Nadu Təhsil naziri A. Rajmohan tərəfindən Hindistanda süni intellektlə əlaqəli ilk dələduzluq hadisəsi kimi xarakterizə edilib.

Madras Ali Məhkəməsi ştatın korrupsiyaya qarşı mübarizə qurumuna satınalmaları araşdırmaq və “Agal Vilakku Pathippagam” nəşriyyatının bank hesablarını dondurmaq barədə göstəriş verib. Araşdırmanın bütün dövlət kitabxanalarını əhatə edəcəyi açıqlanıb.

İlkin yoxlamalardan sonra tarixi Konemara Xalq Kitabxanasından 523 kitab, Periyar Arivulagam Kitabxanasından isə şübhəli hesab edilən digər nəşrlər götürülüb.

Qalmaqal yazıçı və akademiklərin də etirazına səbəb olub. 160-dan çox müəllif, alim və nəşriyyat nümayəndəsi birgə bəyanat yayaraq müstəqil araşdırma aparılmasını tələb edib. Onlar kitabların müvafiq ekspertiza və qiymət razılaşdırılması mərhələlərindən necə keçdiyinə aydınlıq gətirilməsini, dövlətə dəymiş zərərin ödənilməsini istəyiblər.

Məsələ Tamil Naduda siyasi qarşıdurmaya da çevrilib. Hazırkı hökumət şübhəli kitabların əvvəlki DMK hakimiyyəti dövründə alındığını bildirir. DMK isə ittihamları siyasi motivli adlandıraraq rədd edib və satınalma prosesinin şəffaf araşdırılmasını tələb edib.

Kitabların hazırlanmasında süni intellektdən istifadə olunub-olunmadığı və satınalmalarda qanun pozuntularına yol verilib-verilmədiyi aparılan araşdırmanın nəticəsində müəyyənləşəcək.

Aydın