
Payız-qış mövsümünün sevilən meyvələrindən olan xurma həm şirin dadı, həm də zəngin qida tərkibi ilə seçilir. Bununla belə, bu meyvə ilə bağlı bəzi yanlış təsəvvürlər mövcuddur. Xüsusilə onun ağızda yaratdığı büzüşmə hissinin səbəbi və şəkər miqdarı maraq doğurur.
Qaynarinfo xəbər verir ki, ABC portalı xurmanın qida dəyəri və sağlamlıq üçün faydaları barədə məlumat yayıb.
Xurmanın narıncı rəngi onun tərkibindəki beta-karotin və beta-kriptoksantinlə bağlıdır. Bu maddələr orqanizmdə A vitamininə çevrilir. Meyvə həmçinin C vitamini, kalium, maqnezium və az miqdarda dəmir ehtiva edir. Tərkibindəki polifenollar və aşılayıcı maddələr isə antioksidant xüsusiyyətlərə malikdir.
Xurmanın ağızda büzüşmə hissi yaratmasının səbəbi də məhz aşılayıcı maddələrdir. Bu birləşmələr tüpürcəkdəki zülallarla qarşılıqlı təsirə girərək həmin hissi yaradır. Meyvə yetişdikcə bu maddələrin həllolma xüsusiyyəti dəyişir və büzüşdürücü təsir azalır. Buna görə də tam yetişmiş təbii xurma adətən çox yumşaq olur və qaşıqla yeyilir.
Məhsul yığımından sonra karbon qazı ilə emal edilən xurma isə bərkliyini saxladığı halda büzüşdürücü dadını itirə bilər. Hər iki halda meyvənin qida dəyəri əsasən qorunur, fərq daha çox teksturasında olur.
Xurmanın tərkibində nə qədər şəkər var?
Mütəxəssislərin məlumatına görə, 100 qram xurmanın enerji dəyəri təxminən 70 kilokaloridir. Bu miqdarda meyvədə 16 qram karbohidrat, 3,6 qram lif, 0,3 qram yağ və təxminən 80 faiz su var. Karbohidratların əsas hissəsini fruktoza və qlükoza təşkil edir.
Beləliklə, şirin dadına baxmayaraq, xurma yüksək kalorili meyvə hesab edilmir və balanslı qidalanmanın bir hissəsi ola bilər.
Diabet xəstələri xurma yeyə bilərmi?
Xurmanın glisemik indeksi 50-55 arasında dəyişir ki, bu da orta göstərici hesab olunur. Tərkibindəki həll olunan liflər, xüsusilə pektinlər, şəkərin orqanizmdə mənimsənilmə sürətinin tənzimlənməsinə kömək edir.
Bu səbəbdən diabet xəstələri də xurmanı qida rasionuna daxil edə bilərlər. Lakin porsiyanın ölçüsünə diqqət yetirmək vacibdir. Məsələn, yarım xurma yemək daha uyğun seçim ola bilər.
Ürək sağlamlığına da faydalıdır
Xurmanın tərkibindəki folatlar, kalium və manqan ürək-damar sisteminin sağlamlığında mühüm rol oynayır. Kalium qan təzyiqinin tənzimlənməsinə kömək edir, liflər isə xolesterinin səviyyəsinin aşağı salınmasına müsbət təsir göstərə bilər.
Mütəxəssislər xurmanın faydalı qida maddələri ilə zəngin olduğunu, lakin digər meyvələrdə olduğu kimi onun da ölçülü şəkildə istehlak edilməsinin vacibliyini vurğulayırlar.
Aydın