Xəbər lenti

Abdin Fərzəliyevin "tullantı tenderləri": Mebel və neft-qaz şirkətinə verilən qəribə sifarişlər
Ekonomiks14:52 13.11.2026

Abdin Fərzəliyevin "tullantı tenderləri": Mebel və neft-qaz şirkətinə verilən qəribə sifarişlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Abşeron Rayon İcra Hakimiyyəti “Foriella” və “Baku Universal Supply” şirkətləri ilə satınalma müqavilələri imzalayıb.

Qaynarinfo xəbər verir ki, “Foriella” MMC ilə imzalanan müqavilədə məişət tullantılarının daşınması üçün istifadə olunan dəmir konteynerlərin ehtiyat hissələrinin, “Baku Universal Supply” MMC ilə imzalanan müqavilədə isə zibil qutularının satın alınması nəzərdə tutulur. Müqavilələrin maliyyə dəyəri müvafiq olaraq 135 015,6 manat və 463 032 manat təşkil edir.

Diqqətçəkən məqam satınalma predmetləri ilə şirkətlərin fəaliyyət profilləri arasındakı uyğunsuzluqdur.

İlk olaraq “Baku Universal Supply” MMC-nin fəaliyyətinə nəzər salaq.

“Baku Universal Supply” MMC-nin rəsmi internet səhifəsində yerləşdirilən məlumata görə, şirkət neft-qaz sektorunda fəaliyyət göstərən yerli və xarici müəssisələri neft-mədən avadanlıqları ilə təchiz edir.

Maraqlıdır, neft-qaz sektorunun avadanlıq təchizatçısı kimi tanınan şirkətin zibil qutularının satın alınması üzrə tenderdə hansı üstünlükləri var? Şirkətin bu sahədə təcrübəsi, müvafiq istehsalçı və təchizatçılarla əməkdaşlığı, texniki imkanları necə qiymətləndirilib?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Baku Universal Supply” MMC 2017-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı cəmi 50 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 5, mənzil 26-dır. Qanuni təmsilçisi Cəbrayılov Azər Vəli oğludur.

Açıq mənbələrdə Azər Cəbrayılov haqqında əlavə məlumatlara rast gəlinmir.

“Foriella” MMC-yə gəlincə, şirkət mebel sahəsində fəaliyyət göstərir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, “Foriella” MMC 2015-ci ildə qeydiyyata alınıb. Hüquqi ünvanı Sumqayıt şəhəri, 9-cu məhəllə, ev 11, mənzil 4-dür. Qanuni təmsilçisi İslamlı Fərman Fərrux oğludur.

Şirkətin nizamnamə kapitalı diqqətçəkən dəyişikliklərə məruz qalıb. 2025-ci ilin iyul ayına qədər 80 010 manat olan kapital sonradan 5 milyon manata çatdırılıb.

“Foriella” MMC-nin mebel sahəsində fəaliyyəti nəzərə alındıqda, Abşeron Rayon İcra Hakimiyyətinin ona yönəltdiyi sifariş də suallar doğurur. Şirkət bu dəfə mebel deyil, məişət tullantılarının daşınmasında istifadə olunan dəmir konteynerlər üçün ehtiyat hissələrinin alınması üzrə tenderdə iştirak edir.

Şirkətin bu istiqamətdə hansı təcrübəyə malik olduğu, ehtiyat hissələrinin istehsalçısı və ya rəsmi təchizatçısı olub-olmadığı maraq doğurur.

“Foriella” MMC daha əvvəl də dövlət satınalmalarında fəallığı ilə diqqət çəkib. Şirkətin mebel sahəsində fəaliyyəti və satınalma bazarındakı mövqeyi ilə bağlı mediada deputat Məşhur Məmmədovla əlaqəli olduğu barədə məlumatlar yayılıb. Məşhur Məmmədovun “Embawood” MMC ilə də əlaqəsi olduğu bildirilir.

Bütün bunlar Abşeron Rayon İcra Hakimiyyətinin satınalmaları ilə bağlı bir sıra suallar yaradır: Şirkətlərin müvafiq satınalma predmetləri üzrə təcrübəsi hansı meyarlarla qiymətləndirilir? Neft-qaz avadanlıqları təchizatçısı zibil qutularının, mebel şirkəti isə konteyner ehtiyat hissələrinin tədarükünü hansı imkanlar hesabına həyata keçirəcək? Bu satınalmalarda qiymət və keyfiyyət meyarları necə müəyyənləşdirilib?

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. O, 2022-ci ildən bu vəzifədədir. Abdin Fərzəliyev Abşerondan əvvəl Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Ümumiyyətlə, onun icra başçısı kimi karyerası 2003-cü ildən başlayır. Həmin il Abdin Fərzəliyev Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Beləliklə, Abdin Fərzəliyev 23 ildir ki, icra başçısıdır.

Seyid