
Azərbaycanlı reper Asya Əlizadə, türkiyəli reper Lvbel C5 və bəstəkar Can Akdoğan barəsində 5 ilədək həbs cəzası tələb olunub. Üç nəfər haqqında hazırlanan ittiham aktı məhkəmə tərəfindən qəbul edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.
Məlumata görə, Lvbel C5 səhnə adı ilə tanınan Süleyman Burak Bodur və "Alizade" kimi tanınan Asya Əlizadə “Kahpe” adlı mahnının sözləri və klipindəki zorakılıq səhnələrinə görə araşdırmaya cəlb olunublar.
İttiham aktında klipdə dörd kişinin yerdə uzanan bir şəxsi döydüyü səhnələrin yer aldığı bildirilib. Mahnının “Dünya dönsə də, insanlar dəyişməz, onları bıçaqlayın, danışanı basdırın” məzmunlu sözləri isə cinayət əməllərinə təşviq kimi qiymətləndirilib.
Lvbel C5 ifadəsində mahnı sözlərinin bədii təxəyyül və qurama olduğunu, cinayət törətmək niyyətinin olmadığını bildirib. O, klipin xaricdə, əcnəbi rejissor tərəfindən çəkildiyini də vurğulayıb. Bəstəkar Can Akdoğan isə sözlərin mənasını bilmədiyini və klipdəki zorakılıq səhnələrinə aidiyyəti olmadığını deyib.
Asya Əlizadənin Türkiyədən kənarda olması və barəsində beş il müddətinə ölkəyə giriş qadağasının qüvvədə qalması səbəbindən ifadəsi alına bilməyib. O, müdafiəsini vəkili vasitəsilə yazılı şəkildə təqdim edib.
Prokurorluq hər üç şəxsin “Cinayət törətməyə açıq şəkildə təhrik etmə” maddəsi ilə 5 ilədək azadlıqdan məhrum edilməsini tələb edib. İttiham aktının qəbulundan sonra məhkəmə prosesi yaxın günlərdə başlayacaq.
Qeyd edək ki, Lvbel C5 daha əvvəl də bu mahnı ilə bağlı aparılan araşdırma çərçivəsində hakim qarşısına çıxarılıb. Onun həbs edilməsi tələbi rədd olunub, lakin reperə ölkədən çıxış qadağası və polisə müntəzəm imza vermək öhdəliyi qoyulub. Bundan başqa, Bodur üçün türk ədəbiyyatı üzrə təhsil almaq və mütəmadi kitab oxumaq şərti də müəyyən edilib.
Aydın