
Baş Prokurorluq tərəfindən elan edilmiş müsabiqənin test imtahanı mərhələsində müvəffəqiyyət qazanmış namizədlər üçün noyabrın 19-da nəzərdə tutulmuş yazılı imtahan noyabrın 23-nə keçirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, imtahan həmin gün saat 10:00-dan başlayaraq 4 saat müddətində Azərbaycan Texniki Universitetinin “İdman Sarayı”nda (Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi 5) keçiriləcək.
Namizədlər buraxılış rejiminin təmin edilməsi məqsədilə saat 09:00-dək imtahan binasının qarşısında olmalı, “Yazılı imtahana buraxılış vərəqəsi”ni və şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər.
Buraxılış vərəqəsi və “Yaddaş kitabçası” Baş Prokurorluğun internet səhifəsindəki şəxsi kabinet vasitəsilə əldə edilərək çap olunmalıdır.
Əlavə məlumat üçün 361-00-80, 437-28-56, 361-00-76, 361-00-77 və 361-00-78 nömrəli telefonlarla əlaqə saxlamaq olar.