
Qax rayonunda bələdiyyə mülkiyyətində olan ərazidə 30 ağacı qanunsuz kəsərək təbiətə 10 min manatdan artıq ziyan vuran şəxslər barəsində məhkəmə hökmü çıxarılıb.
Qaynarinfo.az xəbər verir ki, hadisə 2025-ci ilin noyabr ayının ortalarından 2026-cı ilin yanvar ayının sonunadək Qax rayonunun Qarabaldır kəndi ərazisində baş verib.
Məhkəmə materiallarına görə, Y. Məmmədov həmkəndlisi ilə qabaqcadan əlbir olaraq Almalı bələdiyyəsinin mülkiyyətində olan kanal ətrafındakı ərazidə müxtəlif növ ağacları icazəsiz kəsib. Kəsilən ağaclar arasında qızılağac, qovaq, vələs, tut və digər ağac növləri olub. Ümumilikdə, 30 ağacın kəsilməsi nəticəsində təbiətə 10 040 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilib.
Məhkəmədə təqsirləndirilən şəxslərin hər ikisi özünü qismən təqsirli bilib. Onlar ifadələrində qışda isinmək üçün odun axtardıqlarını, kəndin kənarında yerləşən kanal ərazisindəki ağacları gördükdən sonra onları kəsmək qərarına gəldiklərini deyiblər. Hər iki şəxs cəmi 7 ağac kəsdiklərini, ittihamda göstərilən digər ağaclara aidiyyətlərinin olmadığını iddia edib və törətdikləri əməldən peşman olduqlarını bildiriblər.
İş üzrə şahid isə ifadəsində təqsirləndirilən şəxslərdən birinin ona zəng edərək kəsilmiş ağac materialı təklif etdiyini deyib. O, əraziyə baxış keçirərkən çoxsaylı ağacların kəsildiyini görüb. Ağacların bələdiyyə ərazisindən kəsildiyini bildiyi üçün materialı almaqdan imtina edib.
Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmədə təbiətə dəymiş 10 040 manatlıq ziyanın ödənilmədiyini bildirib və məbləğin təqsirləndirilən şəxslərdən tutulmasını tələb edib.
Məhkəmənin hökmü ilə Y. Məmmədov və digər müttəhim Cinayət Məcəlləsinin 259.3-cü maddəsi (meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsi, bu əməl xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə təqsirli biliniblər. Onların hər birinə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Seyid