Xəbər lenti

NASA-nın kosmik stansiya uğrunda yarışında qalmaqal: İki şirkət məhkəmədə üz-üzə gəldi
Dünya19:03 13.11.2026

NASA-nın kosmik stansiya uğrunda yarışında qalmaqal: İki şirkət məhkəmədə üz-üzə gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

NASA-nın Beynəlxalq Kosmik Stansiyanı (BKS) əvəz edəcək özəl orbital stansiyaların yaradılması planı iki şirkət arasında hüquqi mübahisəyə səbəb olub. ABŞ-ın Axiom Space şirkəti rəqibi Vast Space-i ona məxsus məxfi missiya planlarını icazəsiz istifadə edərək NASA-ya təqdim etməkdə ittiham edir.

Qaynarinfo xəbər verir ki, bu barədə “CHIP” nəşri məlumat yayıb.

Mübahisənin mərkəzində Vast Space-in NASA-ya göndərdiyi missiya planlaşdırma sənədi dayanır. Axiom Space iddia edir ki, sənədin bəzi hissələrində onun adı dəyişdirilmədən saxlanılıb, digər bölmələrdə isə şirkətə məxsus məlumatlar olduğu kimi qalıb. Axiom bunu kommersiya sirrinin qanunsuz istifadəsi və ABŞ hökumətinə qarşı saxtakarlıq kimi qiymətləndirərək məhkəməyə müraciət edib.

İddialara görə, NASA iyunun 3-də Axiom-u sənəddəki uyğunsuzluqlardan xəbərdar edib. Axiom isə iyunun 19-da Hyustondakı federal məhkəmədə iddia qaldıraraq cərimə, dəymiş ziyanın üç mislinədək təzminat və digər hüquqi ödənişlər tələb edib.

Vast Space ittihamları qəbul etmir. Şirkətin açıqlamasına görə, mübahisəli sənəd hər iki şirkətlə əməkdaşlıq edən ortaq subpodratçı tərəfindən hazırlanıb. Həmin podratçı əvvəlki kosmik missiyalarda istifadə olunan standart sənədlərdən yararlanıb və Axiom-a aid bəzi məlumatlar səhvən yeni sənəddə qalıb.

Vast həmçinin NASA-ya ilkin sənədi göndərdikdən bir gün sonra düzəlişə ehtiyac olduğunu özü bildirdiyini və yenilənmiş variantı təqdim etdiyini açıqlayıb. Şirkət baş verənlərin oğurluq və ya saxtakarlıq deyil, texniki səhv olduğunu, mübahisənin kommersiya rəqabəti ilə əlaqəli olduğunu bildirir.

İşin diqqət çəkən məqamlarından biri ABŞ Ədliyyə Nazirliyinin mövqeyidir. Nazirlik oktyabrın 23-də araşdırmadan sonra məhkəmə prosesinə qoşulmamaq qərarı verib. Lakin bu addım ittihamların təsdiqlənməsi və ya rədd edilməsi anlamına gəlmir. Axiom iddiasını müstəqil şəkildə davam etdirə bilər.

Hüquqi çəkişmə NASA-nın özəl kosmik stansiyalarla bağlı proqramı üçün həlledici mərhələdə başlayıb. Axiom və Vast da daxil olmaqla bir neçə şirkət dekabrın 14-dək yekun təkliflərini təqdim etməlidir. Müsabiqədə Voyager Technologies, Blue Origin və SpaceX-in də iştirak edə biləcəyi bildirilir.

NASA-nın seçəcəyi şirkətlər 2030-cu illərdə aşağı Yer orbitində özəl kosmik stansiyalar işlətmək və agentliyin astronavtlarını qəbul etmək üçün böyük həcmli müqavilələr əldə edə bilərlər.

Qeyd edək ki, Axiom Space NASA-nın özəl astronavt missiyaları proqramı çərçivəsində ilk dörd uçuşu həyata keçirib. 2026-cı ildə isə beşinci missiya yenidən Axiom-a, altıncı missiya Vast-ə, yeddinci missiya isə Voyager Technologies-ə həvalə olunub. Vast şirkəti hazırda NASA ilə altıncı missiya üzrə fəaliyyətinin davam etdiyini və məhkəmə prosesinin işə təsir göstərmədiyini bildirir.

Məhkəmə hələlik iddialarla bağlı yekun qərar verməyib. Beləliklə, NASA-nın gələcək kosmik stansiyalarını hansı şirkətlərin idarə edəcəyinin müəyyənləşməsinə az qalmış iki əsas namizəd arasındakı rəqabət hüquqi müstəviyə keçib.

Aydın