
“İrlandiyanın paytaxtı Dublin şəhərində Avropa Siyasi Birliyinin 9-cu zirvə görüşü keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak etdi, eyni zamanda enerji təhlükəsizliyi ilə bağlı paneldə çıxış etdi. Prezidentin səfəri bir çox Avropa dövlətlərinin liderləri ilə ikitərəfli təmaslar və müzakirə olunan məsələlər baxımından olduqca böyük aktuallıq kəsb edir. Azərbaycan Prezidentinin Ukrayna Prezidenti ilə görüşü, bundan əlavə, Avropa İttifaqı Şurasının Prezidenti Kosta ilə apardığı danışıqlar, eyni zamanda Yunanıstan, Bolqarıstan və Çexiyanın baş nazirləri ilə görüşləri, Moldovanın Prezidenti ilə danışıqları və digər təmasları Azərbaycanın enerji imkanlarının, yaşıl enerji potensialının, nəqliyyat və tranzit üstünlüklərinin təqdimatı baxımından böyük əhəmiyyət kəsb edib”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Onun sözlərinə görə, Prezidentin bu mühüm zirvə görüşündə iştirakını üç istiqamətdə qiymətləndirmək düzgün olardı:
“Birincisi, sülh diplomatiyası. Cənab Prezidentin səfər çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü keçirildi. Görüşün ən mühüm xüsusiyyəti ondan ibarətdir ki, heç bir vasitəçi olmadan təşkil edildi və hər iki dövlətin lideri sülh gündəliyini müəyyən etdi. Həm sülh gündəliyinin müzakirə olunan məsələlərini müəyyən etdi, həm də onun inkişafı ilə bağlı razılaşma əldə etdi. Burada əsas müzakirə olunan məsələlər, heç şübhəsiz ki, iki dövlət arasında etimad mühitinin daha da möhkəmləndirilməsi ilə bağlı idi. Bu baxımdan iqtisadi əlaqələrin genişləndirilməsi xüsusi önəm kəsb edir. Artıq iki dövlət arasında iqtisadi əlaqələr üçün zəmin formalaşıb və bu proses irəliləyir. Azərbaycanla Ermənistan arasında neft və neft məhsullarının ixracı reallaşdırılır. Ermənistana Azərbaycandan ixrac ediləcək məhsulların siyahısı artıq tərtib edilib. Eyni zamanda, iki dövlət arasındakı sülh prosesinin məntiqi nəticəsi olaraq, artıq Azərbaycan ərazisindən Ermənistana 105 min ton yükün çatdırılması həyata keçirilib”.

Elman Nəsirov əlavə edib ki, müzakirə olunan məsələlər sırasında sülh prosesinin mühüm tərkib hissəsi olan sərhədlərin delimitasiyası da yer alıb:
“Bu istiqamətdə də işin davam etdirilməsi haqqında razılaşma əldə edilib. Mühüm məsələlərdən biri də enerji əməkdaşlığını ehtiva edən məsələlərdir. Hər iki dövlətin liderlərinin ortaq mövqeyi ondan ibarətdir ki, perspektivdə Azərbaycan və Ermənistanın elektrik xətləri birləşdirilməlidir. Bu addım nəticə etibarilə etimad mühitini daha da möhkəmləndirəcək. Başqa bir razılaşma ekoloji əməkdaşlıq məsələləri ilə bağlıdır. Razılaşma əldə edilib ki, transsərhəd suların idarə olunması ilə bağlı komissiya yaradılsın. Bu komissiyanın yaradılması nəticə etibarilə bu sahədə mövcud problemlərin həllinə dəstək olacaq. Danışıqlarda müzakirə olunan əsas məsələlərdən biri də məhz 2025-ci il avqustun 8-də əldə edilmiş Vaşinqton razılaşmalarının həyata keçirilməsi və prosesin davamlılığının təmin edilməsi ilə bağlıdır. Elə addımlar atılmalıdır ki, nəticədə sülh prosesi öz məntiqi sonluğuna çatsın, regionumuzda uzunmüddətli və dayanıqlı sülh bərqərar olsun, sülh müqaviləsi imzalansın”.
Deputat hesab edir ki, bu baxımdan Azərbaycan və Ermənistan siyasi liderlərinin Dublin görüşü olduqca böyük aktuallıq və əhəmiyyət kəsb edir:
“Səfər çərçivəsində ən mühüm hadisələrdən biri Azərbaycan Prezidenti İlham Əliyevlə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri arasında imzalanmış strateji tərəfdaşlıq bəyannaməsidir. Bu bəyannamə ikitərəfli münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır və münasibətlərimiz təkcə neft-qaz sektorunu deyil, digər sahələri də əhatə etməyə başlayır. Neft-qaz sektoru bizim üçün əsas əməkdaşlıq istiqamətidir. Nəzərə alsaq ki, 30 ildən artıqdır Böyük Britaniyanın BP şirkəti Azərbaycanla sıx əməkdaşlıq edir. Təkcə bir faktı söyləyim ki, Azəri-Çıraq-Günəşli yataqlarının birgə istismarında BP-nin payı 30%-dən yüksəkdir, yalnız SOCAR-dan bir qədər aşağıdır. Şahdəniz qaz yatağının istismarında isə Böyük Britaniyanın payı 30%-ə yaxındır. Bunlar da çox yüksək göstəricilərdir. Yəni enerji sahəsində əməkdaşlığımız böyük inkişaf yolu keçib”.
Deputat əlavə edib ki, əsas niyyət bu əməkdaşlığın qeyri-neft-qaz sektorunda daha da genişləndirilməsidir:
“Bunun üçün Böyük Britaniya investisiyalarının Azərbaycan iqtisadiyyatına cəlb edilməsi böyük aktuallıq kəsb edir və imzalanmış birgə bəyannamədə bu məsələlər öz əksini tapıb. İlk dəfə məhz bu bəyannamədə enerji sektorundan savayı digər sahələrdə də əməkdaşlığın inkişafı ilə bağlı konkret istiqamətlər göstərilib. Bu, ilk növbədə, müdafiə və təhlükəsizlik sahəsini əhatə edir. Yəni söhbət müdafiə sənayesindən, hərbi kadrların hazırlanmasından, bu sahədə əməkdaşlığın dərinləşdirilməsindən gedir. Bu, çox mühüm sahədir və ilk dəfə prioritetlər sırasında göstərilib. Digər mühüm sahə yaşıl enerji sahəsində əməkdaşlıq məsələləridir. Azərbaycanın böyük potensialı var. Biz 2032-ci ilə qədər 8 giqavatlıq yaşıl enerji istehsal etməyi planlaşdırırıq və 2030-cu ilə qədər Azərbaycanın enerji istehsalında yaşıl enerjinin payı 30%-ə, 2035-ci ildə isə 43%-ə çatmalıdır. Bu baxımdan, böyük potensialımızla yanaşı, enerjini Avropa bazarına çatdırmaq üçün dəhlizlərimiz də var. Bunlara Xəzər dənizi və Qara dəniz vasitəsilə Avropaya çıxış, daha sonra Zəngəzur dəhlizi ilə Türkiyəyə, oradan isə Avropaya çıxış, üçüncü istiqamət kimi isə Özbəkistan və Qazaxıstanın yaşıl enerjisinin Xəzər dənizi vasitəsilə Azərbaycan bazarına çatdırılması və buradan Avropa bazarlarına çıxarılması daxildir. Bu baxımdan, Böyük Britaniya ilə qeyd edilən sahədə əməkdaşlıq məsələləri xüsusi aktuallıq kəsb edir”.
Deputat qeyd edib ki, razılaşmalardan biri də Orta Dəhlizin daha da inkişafı və təşviqi ilə bağlıdır:
“Orta Dəhliz 2022-ci ildən etibarən aktuallığını daha da artırıb və Asiya ilə Avropa arasında alternativ kommunikasiya istiqaməti hesab olunur. Dünya Bankının hesablamalarına görə, 2030-cu ilədək Orta Dəhlizlə daşımalar 300% arta bilər. Bu, böyük göstəricidir və bu sahədə əməkdaşlıq məsələləri diqqət mərkəzindədir. Bundan əlavə, nəqliyyat və logistika sahəsində iki dövlət arasında əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur. Təbii ki, müasir dövrdə süni intellekt, data mərkəzləri və yüksək texnologiyalar sahəsində əməkdaşlıq ən mühüm və prioritet istiqamətlərdən biri hesab edilir. Böyük Britaniyanın bu sahələrdə çox böyük potensialı var. Böyük Britaniya dünyanın 5-ci iqtisadiyyatıdır, nominal ümumi daxili məhsulu 18,8 trilyon avroya çatır. Bu, çox böyük göstəricidir. Dünyanın beşinci iqtisadiyyatı olmaq özü nəhəng göstəricidir. NATO ölkəsidir, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir, 1952-ci ildən nüvə dövlətidir. Bütün bu reallıqlar onu göstərir ki, belə nəhəng bir dövlətlə Azərbaycanın təkcə enerji deyil, həm də qeyri-enerji sahələrində, qeyri-neft-qaz sektorunda əməkdaşlığının genişləndirilməsi Azərbaycanın strateji maraqlarına tamamilə cavab verir. Bu baxımdan demək olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Siyasi Birliyinin Dublin sammitində iştirakı olduqca böyük əhəmiyyət kəsb edir və konkret nəticələri ilə diqqəti cəlb edir”.
Bahar Rüstəmli