Xəbər lenti

“Azərişıq” ASC-nin nümayəndələri Lənkəranda fermer və sahibkarlarla görüş keçirib
Ölkə17:39 13.11.2026

“Azərişıq” ASC-nin nümayəndələri Lənkəranda fermer və sahibkarlarla görüş keçirib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Azərişıq” ASC fermer, sahibkar və vətəndaşların rahat fəaliyyəti, onların elektrik şəbəkəsinə qoşulması, həmçinin elektrik enerjisindən istifadə qaydaları ilə bağlı məlumatlandırılması məqsədilə regionlarda mütəmadi görüşlər təşkil edir. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən belə maarifləndirici tədbirlərdən biri Lənkəranda reallaşıb.

Lənkəran Mədəniyyət Mərkəzində təşkil olunmuş görüşə 40-dək sahibkar və yerli sakin qatılıb. Tədbirdə “Azərişıq” ASC-nin ASAN Xidmətlə İş Departamentinin direktoru İnam Yusifov, Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev, Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Elgün Məmmədov iştirak edib.

XQ xəbər verir ki, görüş zamanı fermer, sahibkar və vətəndaşlar Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC-nin regionlarda həyata keçirdiyi yenidənqurma, əsaslı təmir işləri barədə məlumatlandırılıb. Bildirilib ki, ölkənin bütün regionlarında yeni güc mərkəzləri, müasir yarımstansiyalar tikilir. Ən müasir standartlara cavab verən transformator məntəqələri qurulur, yeni dayaqlar basdırılır, izolyasiyalı xətlər çəkilir.

Tədbir iştirakçılarına aktiv istehlakçılarla bağlı müraciətlərin qəbulu qaydaları üzrə ətraflı məlumat verilib. Müraciətlərin təqdim olunma forması və proseduru izah olunub.

Vətəndaş, sahibkar və fermerlərlə elektron xidmətlər barədə də maarifləndirici söhbət aparılıb. Onlara xidmət mərkəzlərində vətəndaşlara göstərilən xidmətlər haqqında informasiyalar çatdırılıb.

Tədbirdə yeni elektrik təchizatı şəbəkəsinə qoşulma prosesi, texniki şərtlərin verilməsi qaydalarından danışılıb. Bununla yanaşı vətəndaşların daha çox müraciət etdikləri digər xidmətlər – abonentin balansındakı avadanlıqlara texniki xidmət göstərilməsi, çoxmənzilli binalarda yaşayış mənzillərinin qeydiyyatı, sayğac zədələnməsi hallarında görüləcək tədbirlər, qeyri-əhali abonentlərinin ad dəyişikliyi prosedurları, smart kartın və qüsurlu sayğacların bərpası xidmətlərindən bəhs edilib.

Həmçinin həm ASAN Xidmət mərkəzlərində, həm də elektron platformalar üzərindən təqdim edilən bütün xidmətlər barədə məlumatlar diqqətə çatdırılıb. Vətəndaş və sahibkarların müraciətlərinin daha asan və sürətli həlli üçün yaradılan imkanlar vurğulanıb. Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciətetmə imkanları ətraflı izah olunub. İştirakçıların müxtəlif məsələlərlə bağlı sualları cavablandırılıb, onların təklif və tövsiyələri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

“Azərişıq” ASC tərəfindən təşkil olunan maarifləndirici tədbirlər, görüşlər abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.