Xəbər lenti

İşini itirmək təhlükəsi olan müdir müavini nazirə şikayət etdi (FOTO)
Ölkə16:38 13.11.2026

İşini itirmək təhlükəsi olan müdir müavini nazirə şikayət etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdir müavini Teymur Hacıyev əmək və əhalinin sosial müdafiəsi naziri, DOST Agentliyinin Müşahidə Şurasının sədri Anar Əliyevə açıq məktubla müraciət edib.

Qaynarinfo xəbər verir ki, Teymur Hacıyev müraciətində əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qərarın formalaşdırıldığını, lakin bu prosesdə ona qarşı irəli sürülən ittihamların obyektiv qiymətləndirilmədiyini iddia edib.

O bildirib ki, uzun illərdir DOST Agentliyində çalışır və iki övlad atasıdır. Övladlarından birinin xüsusi qayğıya ehtiyacı olduğunu qeyd edən Hacıyev işdən çıxarılacağı təqdirdə ailəsinin, xüsusilə də övladının reabilitasiya imkanlarının ciddi çətinliklərlə üzləşəcəyindən narahatdır.

Açıq məktubda qeyd olunur ki, Hacıyev nazirin qəbuluna düşmək üçün bir neçə dəfə müraciət etsə də, cəhdləri nəticəsiz qalıb. Onun sözlərinə görə, vətəndaş qəbulu üçün nəzərdə tutulan vaxtın gec olacağından narahat olduğu üçün birbaşa açıq məktubla müraciət etmək qərarına gəlib.

Teymur Hacıyev yazır ki, 2026-cı ilin sentyabrında barəsində irəli sürülmüş ittihamlarla əlaqədar əvvəlcə DOST Agentliyində, daha sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində xidməti araşdırmalar aparılıb. O, araşdırmanın bütün mərhələlərində əməkdaşlıq etdiyini, yazılı izahatlar verdiyini və mövqeyini əsaslandıran sənədləri təqdim etdiyini bildirib.

Müraciət müəllifinin iddiasına görə, oktyabrın 2-də DOST Agentliyində araşdırma yekunlaşıb və xidməti məruzədə ona qarşı irəli sürülmüş ittihamların təsdiqini tapmadığı qeyd olunub. Buna baxmayaraq, sonrakı mərhələdə onun əmək müqaviləsinə xitam verilməsi məsələsi gündəmə gətirilib.

Hacıyev işdən çıxarılma ilə bağlı qərarın hüquqi əsaslarını da mübahisələndirib. O, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinə istinad edərək intizam tənbehinin pozuntunun aşkar edildiyi gündən bir ay keçənədək, xətanın törədildiyi tarixdən isə altı ay müddətində tətbiq oluna biləcəyini xatırladıb.

Məktubda iddia olunan halların 2025-ci ilin avqust-noyabr aylarında baş verdiyi, bu səbəbdən altı aylıq müddətin keçdiyi bildirilir. Həmçinin DOST Agentliyində araşdırmanın 2 oktyabr 2026-cı ildə yekunlaşdığı, onun hesablamasına görə, intizam tənbehinin tətbiqi üçün bir aylıq müddətin noyabrın 2-də başa çatdığı vurğulanır.

Teymur Hacıyev noyabrın 4-ü və 5-də ona öz ərizəsi ilə işdən ayrılması təklif edildiyi, əks halda əmək müqaviləsinə xitam veriləcəyi bildirildiyini iddia edib.

O, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 71-ci maddəsinə də istinad edərək işəgötürənin əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalı olduğunu bildirib. Hacıyevin fikrincə, ona qarşı irəli sürülən iddiaların konkret olaraq hansı əmək vəzifəsinin pozulmasına səbəb olduğu və iş prosesinə necə mənfi təsir göstərdiyi sübut edilməyib.

Müraciətdə Teymur Hacıyev altı ildən artıq əmək fəaliyyətinin, peşəkar nailiyyətlərinin və mükafatlarının da nəzərə alınmasını istəyib. O, fəaliyyəti ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin təşəkkürünə layiq görüldüyünü, Nazirlik və Agentlik rəhbərliyi tərəfindən də təşəkkür və fəxri fərmanlarla təltif olunduğunu qeyd edib.

Hacıyev həmçinin Beynəlxalq Sosial Təminat Agentliyi tərəfindən həyata keçirdiyi işlərin qiymətləndirildiyini və müxtəlif kommunikasiya layihələrinə rəhbərlik etdiyini bildirib.

Açıq məktubda ailəsinin sosial vəziyyətinə də toxunulub. Müəllif iki övladından birinin xüsusi dəstəyə ehtiyacı olduğunu, reabilitasiya və digər xidmətlərin davamlı maliyyə tələb etdiyini yazıb. Bundan başqa, ailənin ipoteka və digər kredit öhdəliklərinin olduğunu diqqətə çatdırıb.

Teymur Hacıyev nazir Anar Əliyevdən barəsində aparılmış xidməti araşdırmanın nəticələrinin, təqdim etdiyi sübutların, intizam tənbehinin tətbiqi müddətlərinin və əmək müqaviləsinə xitam verilməsinin hüquqi əsaslarının yenidən, hərtərəfli və qərəzsiz araşdırılmasını xahiş edib.

O, həmçinin yekun qərar qəbul edilməzdən əvvəl mövqeyinin şəxsən nazirə çatdırılmasını istəyib.

Aydın