Xəbər lenti

Dublin sammitindən sonra yeni mərhələ: Azərbaycan Avropa sərmayəsi üçün açılan qapı
Siyasət17:47 13.11.2026

Dublin sammitindən sonra yeni mərhələ: Azərbaycan Avropa sərmayəsi üçün açılan qapı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident İlham Əliyevin iştirak etdiyi Dublin sammiti Azərbaycanla Avropa arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və yeni investisiya imkanlarının yaranması baxımından əhəmiyyətlidir. Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyində mühüm rol oynasa da, əməkdaşlığın digər sahələr üzrə genişləndirilməsi də gündəmdədir.

Bəs siyasi münasibətlərin inkişafı Avropa şirkətlərinin Azərbaycana investisiya yatırmasına nə dərəcədə təsir edə bilər? Xarici investorların ölkəmizə marağını artırmaq üçün biznes və investisiya mühitində hansı dəyişikliklərə ehtiyac var?

İqtisadçı Eldəniz Əmirov Qaynarinfo-ya açıqlamasında bildirib ki, siyasi əlaqələrin inkişafı investisiya üçün əlverişli imkan yaradır, amma bu, avtomatik olaraq ölkəyə xarici investisiyanın gəlməsi demək deyil.

Onun sözlərinə görə, Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Cənab Prezidentin həm əvvəlki sammitlərdə, həm də Dublin sammiti çərçivəsində keçirdiyi görüşlər göstərir ki, Azərbaycanla Avropa arasında əməkdaşlıq təkcə neft-qaz sektoru ilə məhdudlaşmır:

"Burada bərpa olunan enerji, nəqliyyat, logistika, rəqəmsal texnologiyalar və digər bir çox sahələrdə yeni imkanlar yaranır".

İqtisadçı Orta Dəhlizin inkişafı və Zəngəzur dəhlizi ilə bağlı perspektiv müzakirələrə də diqqət çəkib:

"Nəqliyyat əlaqələrinin güclənməsi Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən ölkə və etibarlı tərəfdaş kimi əlverişli coğrafi mövqedə olmasının təsirlərini etibarlı tərəfdaş olmaqla daha da artırır".

Bununla belə, Azərbaycanın enerji resurslarına malik olması, əlverişli coğrafi mövqedə yerləşməsi və dövlətlərarası münasibətlərin yüksək səviyyədə olması investorların ölkəyə gəlməsi üçün kifayət deyil:

"İnvestisiyanın təhlükəsizliyi olmalıdır, investisiya gəlirli olmalıdır. İnvestisiya uzunmüddətli perspektivə fokuslanan bir fəaliyyət olduğundan perspektiv məsələlər müsbət vizyonda formalaşmalıdır. Bu baxımdan ölkəmizdə biznes və investisiya mühitinin təkmilləşdirilməsi istiqamətində islahatların davamlı etdirilməsinə ehtiyac var. İlk növbədə qanunvericiliyin sabitliyi önəmlidir, mülkiyyət hüquqlarının etibarlı qorunması önəmlidir, müqavilə öhdəliklərinin icrasının tamlıqla edilməsi önəmlidir. İnvestor əmin olmalıdır ki, bu gün qoyduğu sərmayə sabah hər hansı bir səbəbdən risklərlə üz-üzə qalmayacaqdır".

E.Əmirovun sözlərinə görə, Vergi Məcəlləsi və digər qanunvericilik aktları investorun uzunmüddətli planlar qurmasına imkan verməlidir:

"Məsələn, Vergi Məcəlləsi və digər qanunvericilik aktlarımız elə olmalıdır ki, investor beş il sonrasını belə proqnoz edə bilsin. Hər il müxtəlif dəyişikliklərin olması proqnoz ediləbilənlik səviyyəsini aşağı salır. Bu isə böyük ölçüdə riskdir. Azərbaycan xarici investisiyalar uğrunda digər ölkələrlə rəqabət aparır. Beş manat və yaxud da beş milyard manat investisiya yatırmaq istəyən şirkət, investor region ölkələrini təhlil edir: "Hansı ölkəyə mən pul yatırsam, daha yaxşı geri dönüş olar, daha təhlükəsiz olar, daha riskim az olar?" Düşünürəm ki, bu çox önəmlidir".

İqtisadçı hesab edir ki, Dublin sammitinin yaratdığı siyasi imkanların real iqtisadi nəticələrə çevrilməsi ilk növbədə qeyd etdiyi digər iqtisadi faktorlardan asılıdır:

"Bu gün bizim əsas hədəfimiz Avropa ilə siyasi-iqtisadi tərəfdaşlığı genişləndirməkdən əlavə, Azərbaycanı Avropa şirkətləri üçün cəlbedici eləməkdir. Hesab edirəm ki, perspektivdə biz bu istiqamətdə də ciddi irəliləyişlərin olduğunu görə biləcəyik".

Günay İlqarqızı