
“Ulduz müharibələri” (Star Wars) filmlərində Darth Vaderin istifadə etdiyi işıq qılıncı ABŞ-da keçirilən hərracda 4 milyon 875 min dollara satılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə “DW” məlumat yayıb.
Satış “Ulduz müharibələri” franşizasına aid kolleksiya əşyaları arasında hərrac rekordu hesab olunur. Qılınc 1980-ci ildə çəkilmiş “İmperiyanın cavab zərbəsi” və 1983-cü ildə ekranlara çıxmış “Cedayın qayıdışı” filmlərindəki döyüş səhnələrində istifadə edilib.
Dallasda fəaliyyət göstərən “Heritage Auctions” hərrac evi qılıncın orijinal trilogiyanın iki yaddaqalan döyüş səhnəsində yer aldığını açıqlayıb.
Darth Vader həmin qılıncdan 1980-ci ildə çəkilmiş “İmperiyanın cavab zərbəsi” filmində Bulud şəhərində Luke Skywalker ilə döyüşü zamanı istifadə edib. Həmin səhnədə Vader Luke-un əlini kəsir və filmin ən məşhur replikalarından birini səsləndirir: “Xeyr, mən sənin atanam”.
Eyni qılınc 1983-cü ildə çəkilmiş “Cedayın qayıdışı” filmindəki son döyüş səhnəsində də istifadə olunub. Bu dəfə Luke Vaderin əlini kəssə də, onu öldürməkdən imtina edir.
Darth Vaderin qılıncı 2025-ci ildə də “Ulduz müharibələri” filmlərində istifadə edilmiş əşyalar arasında rekord satış qiymətinə görə fərqlənib. Lakin iyul ayında Luke Skywalkerin həmin döyüş səhnəsində istifadə etdiyi qılınc daha yüksək qiymətə satılaraq bu rekordu yeniləyib.
Son hərracdan sonra isə Vaderin qılıncı rekordu yenidən geri qaytarıb.
Qılıncın ən maraqlı xüsusiyyətlərindən biri onun hazırlanma tarixçəsidir. Belə ki, dəstək hissəsi əslində 1950-ci illərdə İngiltərədə istehsal edilmiş fotoaparat flaş qurğusundan hazırlanıb.
Film heyəti qurğuya qara plastik tutacaqlar və kalkulyator ekranından götürülmüş kiçik böyüdücü şüşələr əlavə edib. Dəstək döyüş səhnələrində dəyişdirilə bilən taxta bıçaqları daşımaq üçün möhkəmləndirilib. Çəkilişlər zamanı tutacaqlar boşaldığından onlar vintlərlə bərkidilib.
Filmdə görünən parlaq qırmızı bıçaq isə əslində çəkiliş zamanı mövcud olmayıb. Effektlər komandası taxta çubuqların hərəkətini kadr-kadr izləyərək işıq saçan bıçaq görüntüsünü sonradan filmə əlavə edib.
Qılıncdan filmlərdə Darth Vader obrazını canlandıran aktyor David Prowse və dublyor Bob Anderson istifadə ediblər.
Hərrac evi əşyanın orijinallığını da xüsusi üsulla təsdiqləyib. Belə ki, qılıncın kəmər halqasındakı nəzərəçarpan əyrilik və alt hissəsindəki batıq filmlərdən götürülmüş kadrlar və çəkiliş fotoları ilə müqayisə edilib.
Günay