Xəbər lenti

Səhərlər qəhvə içmək, yoxsa çay? - İkisi arasındakı fərq
Sağlamlıq23:10 13.11.2026

Səhərlər qəhvə içmək, yoxsa çay? - İkisi arasındakı fərq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səhərlər günə daha gümrah başlamaq üçün qəhvəyə üstünlük verənlər çoxdur. Lakin mütəxəssislər bildirirlər ki, qara çay da enerji səviyyəsini artırmaq üçün yaxşı seçim ola bilər. Bu iki içkinin əsas fərqi isə kofeinin orqanizmə təsir mexanizmindədir.

Qaynarinfo xəbər verir ki, bu barədə doctissimo.fr nəşri diyetoloq-nutritionist Orlan Fanyoninin araşdırmasına istinadən yazıb.

Mütəxəssisin sözlərinə görə, bir fincan filtr qəhvədə 80-120 milliqram kofein olduğu halda, eyni miqdarda qara çayda bu göstərici 60-70 milliqram təşkil edir. Buna görə də qəhvə orqanizmə daha güclü və sürətli təsir göstərir.

Diyetoloq qeyd edir ki, qəhvənin tərkibində taninlərin az olması kofeinin qana daha tez sorulmasına şərait yaradır. Nəticədə insan qısa müddətdə özünü daha enerjili hiss edir. Lakin bu təsirdən sonra yorğunluq, aclıq və diqqətin azalması kimi hallar yarana bilər.

Qara çayda isə vəziyyət fərqlidir. Tərkibindəki taninlər kofeinin sorulmasını ləngidir. Bu səbəbdən onun stimullaşdırıcı təsiri daha zəif olsa da, uzun müddət davam edir və enerjinin kəskin azalması ehtimalı aşağı olur.

Bununla belə, mütəxəssis qara çayın dəmirin orqanizm tərəfindən mənimsənilməsini çətinləşdirə biləcəyinə diqqət çəkir. Xüsusilə qanazlığından əziyyət çəkənlər, hamilə qadınlar və menstruasiya dövründə çox qan itirənlər bu içkinin qəbulunda ehtiyatlı olmalıdırlar.

Qəhvədən qara çaya keçmək istəyənlərə isə bunu tədricən etmək tövsiyə olunur. Belə ki, səhər ilk fincan qəhvəni saxlamaq, günün ikinci yarısında onu qara çayla əvəzləmək daha məqsədəuyğundur. Saat 16:00-17:00-dan sonra isə yuxu rejiminə mənfi təsir göstərməmək üçün kofeinsiz içkilərə üstünlük vermək məsləhət görülür.

Mütəxəssisin qənaətinə görə, sürətli enerji və ayıqlıq üçün qəhvə, daha sakit və uzunmüddətli stimullaşdırıcı təsir üçün isə qara çay daha uyğun seçimdir. Seçim insanın sağlamlıq vəziyyətindən və orqanizmin fərdi xüsusiyyətlərindən asılıdır.

Aydın