
Bakıda öz binası olmayan teatrların problemi Milli Məclisdə gündəmə gətirilib. Milli Məclisin deputatı Günay Əfəndiyeva parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, eləcə də Mədəniyyət komitələrinin birgə iclasında Bakı Bələdiyyə Teatrı və Azərbaycan Dövlət Yuğ Teatrının binasız qalması məsələsini qaldırıb.
Deputat bildirib ki, teatrların öz binalarının olmaması onların yaradıcılıq fəaliyyətinə və inkişafına mənfi təsir göstərir. O, problemin həlli istiqamətində addımların atılmasının vacibliyini vurğulayıb.
Məsələ ilə bağlı Qaynarinfo-ya danışan Azərbaycan Dövlət Yuğ Teatrının direktoru İslam Həsənov bildirib ki, Mədəniyyət Nazirliyi teatr kollektivinin bina ilə təmin olunması üçün çalışır.
Onun sözlərinə görə, bu istiqamətdə təxminən iki ildir müzakirələr aparılır, hətta teatra bir neçə məkan da təklif edilib:
“Hardasa iki ilə yaxındır ki, bu məsələ nəzərdə tutulub. Hətta bir neçə məkan da təklif olunub. Gözləyirik. Bizə fərq etmir, amma istəyirik ki, veriləcək yer şəhərin mərkəzində olsun. Binanın mərkəzdə yerləşməsi teatrın inkişafı üçün daha yaxşı olar. Ona görə xahiş etmişik ki, Yuğ Teatrına mərkəzdə yer verilsin”.
İslam Həsənov hazırda teatrın Kukla Teatrının binasında fəaliyyət göstərdiyini bildirib.
Direktorun sözlərinə görə, mövcud şəraitdə tamaşaların nümayişi mümkün olsa da, kollektivin öz səhnəsinə ehtiyacı var:
“Birtəhər tamaşaları oynayırıq. Bizə fərq etmir, əsas odur ki, binamız və səhnəmiz olsun. Nazirlik yaxın vaxtlarda bina ilə təmin olunacağımıza söz verib”.
Bahar Rüstəmli