
Astronomlar Yerdən 5 min işıq ilindən çox məsafədə yerləşən və təxminən hər səkkiz dəqiqədən bir radio siqnalları göndərən sirli kosmik mənbənin mənşəyini müəyyən ediblər. Araşdırmalar göstərib ki, qeyri-adi siqnalın mənbəyi ağ cırtdan və Günəşə bənzər ulduzdan ibarət ikili ulduz sistemidir.
Qaynarinfo xəbər verir ki, GPM J071507−114153 adlandırılan siqnal ilk dəfə 2024-cü ilin sonlarında Avstraliyadakı Murchison Widefield Array radio teleskopu vasitəsilə qeydə alınıb.
Siqnalın əsas xüsusiyyəti onun müntəzəm təkrarlanması olub. Radio impulslarının təxminən hər səkkiz dəqiqədən bir qeydə alınması alimlərin diqqətini çəkib. Əvvəlcə bu hadisənin səbəbini müəyyənləşdirmək mümkün olmayıb.
Curtin Universitetinin alimlərinin “Nature Astronomy” jurnalında dərc olunan yeni tədqiqatında isə siqnalın ağ cırtdanla Günəşə bənzər G tipli ulduzun daxil olduğu ikili sistemdən qaynaqlandığı qənaətinə gəlinib.
Ağ cırtdan ulduz həyat dövrünün sonuna çatdıqdan sonra geridə qalan, son dərəcə sıx nüvəsidir. Alimlərin fikrincə, qeydə alınan radio impulsları məhz bu obyektin yaxınlığında və ya onun daxilində yaranır.
100 saatlıq müşahidə sirri açmağa kömək edib
Tədqiqat zamanı astronomlar GPM J071507−114153 sistemi ilə bağlı 100 saatlıq müşahidə məlumatlarını təhlil ediblər. İmpulsların aydın şəkildə qeydə alınması ağ cırtdanın digər ulduzla birlikdə ikili sistem yaratdığını müəyyənləşdirməyə imkan verib.
Havay adalarında yerləşən Kek Rəsədxanasının müşahidələri də sistemdəki ikinci obyektin G tipli ulduz olduğunu təsdiqləyib.
Araşdırmanın iştirakçısı, astronom Sem Maksvini bildirib ki, əldə olunan nəticələr radio şüalanmasının ağ cırtdanın yaxınlığından və ya birbaşa onun daxilindən gəldiyini göstərir.
Bu cür siqnallar niyə əhəmiyyətlidir?
Astronomiyada uzunmüddətli keçici radio hadisələri nisbətən yeni tədqiqat sahəsi hesab olunur. Bu tip siqnalların əsas xüsusiyyəti radio impulsları arasında qeyri-adi dərəcədə uzun fasilələrin olmasıdır.
Müqayisə üçün, neytron ulduzları olan pulsarlar adətən daha qısa intervallarla radio impulsları yayırlar. Əvvəlki müşahidələr zamanı 18 və 21 dəqiqəlik fasilələrlə təkrarlanan siqnallar da aşkarlanıb.
Alimlərin fikrincə, yeni kəşf bu hadisələrin necə yarandığını anlamaq baxımından mühüm əhəmiyyət daşıyır. Tədqiqatçılar hesab edirlər ki, radio siqnallarının öyrənilməsi ənənəvi teleskoplarla müşahidəsi çətin olan ağ cırtdanların aşkar edilməsinə də kömək edə bilər.
Araşdırmanın həmmüəllifi, astronom Nataşa Hörli-Uolker isə 5 min işıq ilindən artıq məsafədə yerləşən ulduz sistemində baş verən proseslərin radio dalğaları vasitəsilə izlənilməsini diqqətəlayiq nəticə kimi qiymətləndirib.
Aydın