
Avstraliyanın Kuber-Pedi şəhərində sakinlər səhranın dözülməz istisindən qorunmaq üçün həyatlarının böyük hissəsini yerin altına köçürüblər. Burada yeraltı yaşayış evləri ilə yanaşı, restoranlar, mağazalar, otellər, kazinolar və hətta kilsələr fəaliyyət göstərir.
Qaynarinfo xəbər verir ki, bu barədə “Polsat News” nəşri məlumat yayıb.
Cənubi Avstraliya ştatında, Adelaida şəhərindən təxminən 846 kilometr şimal-qərbdə yerləşən Kuber-Pedidə 2021-ci il siyahıyaalmasına əsasən, təxminən 1400 nəfər yaşayır.
Şəhər dünyanın opal mərkəzlərindən biri kimi tanınır. Burada qiymətli daşların zəngin yataqları 1916-cı ildə aşkar edildikdən sonra ilk mədənçilər əraziyə gəlməyə başlayıblar. Lakin onlar qısa müddət ərzində səhranın sərt iqlim şəraiti ilə üzləşiblər.
Yanvar ayında orta maksimal temperaturun 37 dərəcəyə yaxın olduğu şəhərdə yay aylarında istilik tez-tez 40 dərəcəni keçir. Hətta 2019-cu il dekabrın 20-də və 2026-cı il yanvarın 30-da temperatur 48,3 dərəcəyə yüksəlib.
Yeraltı evlərdə temperatur 25 dərəcəni keçmir
Davamlı kondisioner sistemlərindən asılı qalmamaq üçün sakinlər yaşayış evlərini birbaşa qayaların daxilində inşa etməyə başlayıblar. Bu tikililər əsasən yerin ən azı dörd metr dərinliyində yerləşir.
Belə evlərin əsas üstünlüyü temperaturun ilboyu sabit qalmasıdır. Yeraltı məkanlarda temperatur 19-25 dərəcə arasında dəyişir. Bu da sakinlərə səhranın yandırıcı istisindən təbii şəkildə qorunmaq imkanı verir.
Zaman keçdikcə yeraltı məkanlar bütöv şəhər infrastrukturuna çevrilib. Burada yaşayış evləri ilə yanaşı, turistlər üçün otellər, restoranlar, kazinolar, bərbərxanalar və mağazalar yaradılıb.
Yeraltı kilsələr də şəhərin diqqətçəkən xüsusiyyətlərindəndir. Burada katolik, serb pravoslav və anqlikan məbədləri fəaliyyət göstərir. XX əsrin birinci yarısında tikilmiş bəzi yeraltı obyektlər isə Avstraliyanın milli irs nümunələri statusu alıb.
Məşhur filmlərin çəkiliş məkanına çevrilib
Kuber-Pedinin turizm baxımından tanınmasında şəhərin qeyri-adi memarlığı ilə yanaşı, kino sənayesinin də rolu olub. Burada və ətraf ərazilərdə “Dəli Maks 3: İldırım günbəzinin altında” (1985) və “Qara dəlik” (2000) filmlərinin bəzi səhnələri lentə alınıb.
Şəhərin daha bir maraqlı xüsusiyyəti isə qolf meydançasıdır. Ərazidə təbii ot bitmədiyindən oyunçular özləri ilə süni ot parçaları gətirir və topu onların üzərinə qoyaraq zərbə vururlar.
Kuber-Pedidən təxminən 15 kilometr aralıda isə uzunluğu 5614 kilometr olan Dinqo hasarı yerləşir. Bu nəhəng qurğu qoyun sürülərini vəhşi itlərin və digər yırtıcıların hücumlarından qorumaq üçün inşa edilib.
Aydın