
Qış aylarında soyuq hava ilə yanaşı, bəzi gündəlik vərdişlər və dəriyə qulluq üsulları da qırışların daha qabarıq görünməsinə səbəb ola bilər. Xüsusilə xizək kurortlarında istirahət, kimyəvi pilinqlər və isti duş dərinin vəziyyətinə mənfi təsir göstərir.
Qaynarinfo xəbər verir ki, bu barədə həkim-kosmetoloq Yelizaveta Minayeva gazeta.ru-ya açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, dağlıq ərazilərdə ultrabənövşəyi şüaların təsiri şəhərlə müqayisədə daha güclüdür. Hündürlük hər 1000 metr artdıqca ultrabənövşəyi şüalanmanın intensivliyi yüksəlir, qar isə günəş şüalarının 80 faizədək hissəsini əks etdirir. Nəticədə dəridə vaxtından əvvəl qocalma əlamətləri, göz ətrafında yeni qırışlar və piqment ləkələri yarana bilər.
Minayeva belə ərazilərdə SPF 50 qoruyucu vasitələrdən istifadə etməyi, kremi hər iki saatdan bir yeniləməyi və gözləri günəşdən qoruyan eynək taxmağı tövsiyə edib.
Kosmetoloq payız və qış aylarında geniş yayılan pilinq və retinol istifadəsinin də düzgün aparılmadıqda dəriyə zərər verə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, aktiv tərkibli vasitələrin quru hava və aqressiv üz təmizləyiciləri ilə birlikdə istifadəsi dərinin qoruyucu baryerini zəiflədir, quruluq və iltihaba səbəb olur. Buna görə də belə məhsullar dəriyə tədricən tətbiq edilməli, qulluq zamanı seramid tərkibli kremlərdən istifadə olunmalıdır.
Mütəxəssis soyuq havalarda isti duş və hamamın da dərinin təbii lipid qatını zəiflədərək quruluğu artırdığını bildirib.
Dərinin nəmini qorumaq üçün yataq otağında hava nəmləndiricisindən istifadə, gecələr daha qatı teksturalı kremlərin çəkilməsi məsləhət görülür. Kosmetoloq sosial şəbəkələrdə populyarlaşan “slanqinq” üsulunu da xatırladıb. Bu metodda adi dəriyə qulluq vasitələrinin üzərinə nazik qat okklüziv balzam çəkilir. Lakin üsul sızanaqlara meyilli dəri üçün uyğun hesab edilmir.
Ev şəraitində qulluq kifayət etmədikdə isə mütəxəssis biorevitalizasiya və mezoterapiya prosedurları ilə bağlı dermatoloq və ya kosmetoloqa müraciət etməyi tövsiyə edib.
Aydın