
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson 2017-ci ildə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı başına gələn maraqlı hadisədən danışıb.
Qaynarinfo xəbər verir ki, Conson bu barədə “Tres Respuestas” podkastında çıxışı zamanı bildirib.
Keçmiş baş nazirin sözlərinə görə, 2017-ci ildə Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya səfər edib. Lakin Putin onunla danışmaqdan imtina edib. Bundan sonra Conson Sergey Lavrovla görüşməli olub.
Conson həmin görüşü xoşagəlməz təcrübə kimi xatırlayıb. O iddia edib ki, Lavrov onu qarşısında çox isti yanan kamin olduğu otaqda böyük miqdarda araq içməyə məcbur edib.
“Mən Rusiya ilə münasibətləri yenidən qurmağa çalışırdım, amma hər şey fəlakətlə nəticələndi. Sonda Lavrovla görüşdüm. O, dəhşətli insan, tamamilə dözülməz biridir. Məni çox isti kaminin qarşısında oturdaraq həddindən artıq çox araq içməyə məcbur etdi. Bu, Viktoriya dövrünün özəl məktəblərində tətbiq edilən cəzanı xatırladırdı. Dəhşətli idi”, deyə Conson bildirib.
O əlavə edib ki, görüş zamanı tərəflər heç bir razılığa gələ bilməyiblər.
Aydın