
Astronomlar təxminən 1000 işıq ili uzaqlıqda yerləşən TOI-2535 b ekzoplanetinin müşahidələr zamanı gözlənilmədən görünməz hala gəlməsini qeydə alıblar. “İsti Yupiter” adlandırılan bu qaz nəhəngi əslində yox olmayıb, onun orbitində baş verən dəyişikliklər müşahidələrə təsir edib.
Qaynarinfo xəbər verir ki, bu barədə “Popular Science” nəşri məlumat yayıb.
Alimlərin fikrincə, planetin yaxınlığında yerləşən başqa bir qaz nəhənginin cazibə qüvvəsi TOI-2535 b-nin orbitində yırğalanmalara səbəb olur. Nəticədə planetin ulduzunun qarşısından keçdiyi vaxt dəyişir və tranzitlər əvvəlcədən hesablanmış qrafikə uyğun baş vermir.
Tədqiqatçılar TOI-2535 b-ni 2019-cu ilin aprelindən NASA-nın TESS kosmik teleskopu vasitəsilə izləyirlər. Müşahidələr zamanı planetin tranzitlərinin bəzən proqnozlaşdırılandan altı saat əvvəl, bəzən isə altı saat gec baş verdiyi müəyyən edilib.
Kaliforniya Universitetinin astronomu Samuel Yinin sözlərinə görə, bir sistemdə bir neçə planet olduqda, onların qarşılıqlı cazibə təsiri orbitlərdə ciddi dəyişikliklər yarada bilər.
TOI-2535 b ölçülərinə görə Yupiterə bənzəsə də, öz ulduzuna Merkuri ilə Günəş arasındakı məsafədən daha yaxındır. Planet öz ulduzunun ətrafında bir dövrəni cəmi 8,25 günə tamamlayır. Müqayisə üçün, Merkuri bu müddətə 88 gün sərf edir.
Aydın