
Silikon Vadisində texnologiya dünyasının ən nüfuzlu simalarından biri ilə bağlı yayılan iddialar casusluq müzakirələrini yenidən gündəmə gətirib. Söhbət "Nvidia" şirkətinin qurucusu Censen Huan və onun Sinqapurda fəaliyyət göstərən rəhbər şəxslə münasibətləri ətrafında ortaya atılan iddialardan gedir. Hadisə qədim Çində istifadə edildiyi bildirilən “gözəllik strategiyası”nı, müasir kəşfiyyat terminologiyasında isə “bal tələsi” kimi tanınan üsulu xatırladıb.
Qaynarinfo xəbər verir ki, Türkiyənin “Hürriyet” nəşrinin yazdığına görə, iddiaların mərkəzində Elis Huan adlı Sinqapur əsilli menecer dayanır. Onun daha əvvəl ABŞ-ın Çinə ixrac məhdudiyyətləri tətbiq etdiyi süni intellekt çiplərinin tədarükü ilə bağlı şübhələrin araşdırıldığı “Megaspeed” bulud texnologiyaları şirkətində çalışdığı bildirilir. Həmçinin onun Çin kəşfiyyatı ilə mümkün əlaqələri barədə şübhələr irəli sürülüb.
Nəşrin məlumatına əsasən, Censen Huan şəxsi münasibətlərini etiraf edib. Onun tabeliyində çalışan başqa bir şirkət rəhbəri ilə də münasibət yaşadığına dair xəbərlərin yayılmasından sonra idarə heyətinə istefa ərizəsi təqdim etdiyi iddia olunur. Bununla belə, materialda səsləndirilən casusluq iddialarının təsdiqləndiyini göstərən konkret sübut təqdim edilmir.

Elis Huan 22 may 2025-ci ildə Tayvanın Taypey şəhərindəki bir restoranda Censen Huan tərəfindən təşkil edilən şam yeməyində
Qədim Çinin 2500 illik strategiyası
“Bal tələsi” adlandırılan üsulun tarixi kökləri qədim Çinə gedib çıxır. “Otuz altı strategiya” əsərinin 31-ci maddəsində yer alan “Meiren Ji” – “Gözəllik strategiyası” rəqibi hərbi güclə deyil, onun şəxsi istəklərindən və emosional zəifliklərindən istifadə etməklə sıradan çıxarmağı nəzərdə tutur.
Bu taktikanın məşhur nümunələrindən biri eramızdan əvvəl V əsrdə baş verib. Yue hökmdarı Qoujian rəqibi Vu kralı Futsaydan intiqam almaq üçün ona iki gözəl qadın göndərib. Əyləncəyə aludə olan hökmdarın dövlət işlərinə diqqəti azalıb. Yue ordusu isə gücünü bərpa etdikdən sonra eramızdan əvvəl 473-cü ildə Vu dövlətini məğlub edib.
Soyuq müharibədən Silikon Vadisinə
Müasir kəşfiyyat tarixində də oxşar üsullardan istifadə edildiyi məlumdur. Məqsəd hədəf şəxslə romantik və ya intim münasibət quraraq məxfi məlumatlara çıxış əldə etmək, yaxud onun qərarlarına təsir göstərməkdir.
Məqalədə 1964-cü ildə Pekində tanış olan fransız diplomat Bernard Boursicot və çinli opera sənətçisi Shi Pei Pu arasındakı münasibət də nümunə göstərilir. İddialara görə, diplomat uzun illər ərzində Fransaya aid məxfi sənədləri Çinə ötürüb. Bu casusluq işi 1980-ci illərdə üzə çıxıb və hər iki şəxs Fransada məhkum edilib.

Censen Huan və həyat yoldaşı Lori Huan
"Nvidia" niyə strateji hədəfdir?
Censen Huanın adının bu iddialarla yanaşı çəkilməsi təsadüfi deyil. Onun rəhbərlik etdiyi "Nvidia" süni intellekt sistemlərinin hazırlanmasında istifadə olunan ən güclü çiplərin əsas istehsalçılarından biridir. Şirkətin məhsulları iqtisadiyyatla yanaşı, müdafiə sənayesi və milli təhlükəsizlik baxımından da strateji əhəmiyyət daşıyır.
ABŞ-ın Çinə qabaqcıl süni intellekt çiplərinin ixracına tətbiq etdiyi məhdudiyyətlər "Nvidia"-nı iki ölkə arasındakı texnoloji rəqabətin əsas iştirakçılarından birinə çevirib. Pekin yerli çip sənayesini inkişaf etdirməyə çalışsa da, Çin şirkətlərinin qabaqcıl hesablama texnologiyalarına ehtiyacı davam edir.
Bu baxımdan "Nvidia" rəhbərliyinə yaxınlaşmaq cəhdi mümkün kəşfiyyat maraqları kontekstində müzakirə olunur. Lakin Censen Huanın hər hansı kəşfiyyat əməliyyatının hədəfi olması və Elis Huanın Çin xüsusi xidmət orqanları ilə işləməsi barədə iddialar hələ sübuta yetirilməyib.
Beləliklə, qədim dövrlərdə hökmdarları zəiflətmək üçün istifadə edilən şəxsi münasibətlər taktikasının müasir texnologiya dünyasında da müzakirə olunması diqqət çəkir. Süni intellektin dövlətlərin iqtisadi və hərbi gücündə mühüm rol oynadığı bir dövrdə texnologiya şirkətlərinin rəhbərləri də beynəlxalq rəqabətin diqqət mərkəzindədir.
Aydın