Xəbər lenti

Kosmetoloq: Kosmetik inyeksiyalar bayramdan ən geci iki həftə əvvəl edilməlidir
Sağlamlıq18:37 15.11.2026

Kosmetoloq: Kosmetik inyeksiyalar bayramdan ən geci iki həftə əvvəl edilməlidir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yeni il bayramına bir neçə gün qalmış bəzi kosmetoloji prosedurlara müraciət etmək arzuolunmaz nəticələrə səbəb ola bilər. Xüsusilə inyeksiyalardan sonra yaranan şişkinlik və göyərmələrin aradan qalxması, eləcə də bəzi prosedurların nəticəsinin üzə çıxması müəyyən vaxt tələb edir.

Qaynarinfo xəbər verir ki, bu barədə kosmetoloq Yelizaveta Minayeva gazeta.ru-ya açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, botulinoterapiyanın təsiri inyeksiyadan 3-5 gün sonra görünməyə başlayır, yekun nəticə isə təxminən iki həftəyə formalaşır. Buna görə də prosedurun bayramdan ən azı 2-3 həftə əvvəl həyata keçirilməsi tövsiyə olunur. Bu müddət ərzində həkim müayinəsi və zərurət yaranarsa, əlavə korreksiya üçün də vaxt qalır.

Dodaqların kontur plastikası da əvvəlcədən planlaşdırılmalıdır. Minayeva qeyd edib ki, prosedurdan sonra şişkinlik adətən 3 gündən bir həftəyə qədər davam edir, göyərmələr isə daha uzun müddət qala bilər. Bu səbəbdən dodaq böyütmə əməliyyatını bayrama ən azı iki həftə qalmış etdirmək məsləhətdir.

Çoxsaylı inyeksiyalarla həyata keçirilən klassik biorevitalizasiya üçün isə 7-10 günlük müddət nəzərdə tutulmalıdır. Prosedurdan sonra dəridə yaranan kiçik qabarcıqlar bir neçə günə çəkilsə də, iynə yerlərində göyərmələr qala bilər.

Kosmetoloq uzun bərpa müddəti tələb edən prosedurları bayram ərəfəsində xüsusilə riskli hesab edir. Orta dərinlikdə pilinqdən sonra dərinin soyulması 7-14 gün davam edə bilər. Lazer pilinqindən sonra yaranan qızartı isə bir neçə həftə qalır. Saplarla liftinq prosedurundan sonra şişkinlik və dəridə qeyri-bərabərliklərin aradan qalxması da 2-3 həftə çəkə bilər.

Minayeva bayram öncəsi ilk dəfə yeni kosmetoloji prosedurları sınamağı da məsləhət görmür. Çünki dərinin tanış olmadığı preparata reaksiyası əvvəlcədən bilinməyə bilər və yaranan fəsadları aradan qaldırmaq üçün vaxt çatmaya bilər.

Artıq prosedurlar üçün vaxtı olmayanlara isə daha qısa müddətdə nəticə verən və bərpa dövrü tələb etməyən üsullar tövsiyə olunur. Bunlara inyeksiyasız mezoterapiya, dəriyə parlaqlıq verən qulluq prosedurları, yüngül səthi pilinqlər, üz masajı və RF-liftinq daxildir.

Ekspertin sözlərinə görə, bəzi mezoterapiya və beş nöqtəli biorevitalizasiya prosedurlarını bayrama bir gün qalmış da həyata keçirmək mümkündür.

Aydın