
Avropa Kosmik Agentliyinin (ESA) Euclid missiyası 900 milyondan çox qalaktika və güclü qravitasiya linzalanmasının 15 minə yaxın ehtimal olunan nümunəsini aşkar edib. Alimlər hesab edirlər ki, bu məlumatlar kainatın ən böyük sirlərindən sayılan qaranlıq materiya və qaranlıq enerjinin təbiətini anlamağa kömək edə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
2023-cü ilin iyulunda fəaliyyətə başlayan Euclid missiyasının əsas məqsədi indiyədək yaradılmış ən geniş kosmik xəritəni hazırlamaqdır. Layihə çərçivəsində səmanın üçdəbir hissəsinin və kainatın 10 milyard ildən artıq tarixinin araşdırılması nəzərdə tutulur.
Müasir elmi qiymətləndirmələrə görə, kainatın təxminən 70 faizini qaranlıq enerji, 25 faizini isə qaranlıq materiya təşkil edir. Bu komponentlərin təbiəti hələ də elm üçün sirr olaraq qalır.
Missiyanın ilk böyük məlumat toplusunda 900 milyondan çox qalaktika ilə yanaşı, 60 milyondan artıq mümkün kvazar da qeydə alınıb. Kvazarlar uzaq qalaktikaların mərkəzində yerləşən və enerjisini superkütləli qara dəliklərdən alan son dərəcə parlaq kosmik obyektlərdir.
Edinburq Universitetinin professoru, missiyanın Britaniya elmi qrupuna rəhbərlik edən Endi Teylor bildirib ki, Euclid teleskopunun əsas üstünlüyü yüksək görüntü keyfiyyətini qorumaqla eyni zamanda kosmosun nəhəng sahələrini müşahidə edə bilməsidir. Onun sözlərinə görə, bu baxımdan missiya Hubble teleskopundan fərqli imkanlar təqdim edir.
Araşdırmanın diqqətçəkən nəticələrindən biri güclü qravitasiya linzalanması ilə bağlıdır. Bu hadisə bir qalaktikanın cazibə qüvvəsinin arxada yerləşən daha uzaq qalaktikadan gələn işığı əyməsi nəticəsində yaranır. Nəticədə teleskopun görüntüsündə parlaq qövslər və ya halqalar görünür.
Alimlər üçün bu hadisə xüsusi əhəmiyyət daşıyır. Çünki qaranlıq materiya qalaktikaların ümumi kütləsini və onların cazibə təsirini artırır. Qravitasiya linzalanmasının öyrənilməsi isə onun kosmosda necə paylandığını və hansı xüsusiyyətlərə malik olduğunu müəyyənləşdirməyə imkan verə bilər.
Professor Endi Teylorun sözlərinə görə, əvvəllər alimlərə güclü qravitasiya linzalanmasının təxminən min nümunəsi məlum idi. Euclid missiyasının məlumatlarında isə bu cür hadisələrin 15 minə yaxın ehtimal olunan nümunəsi aşkarlanıb. Missiya başa çatana qədər onların sayının 170 minə çatacağı gözlənilir.
Açıq Universitetin astronomiya professoru Stiven Serjent də bu məlumatların əhəmiyyətini vurğulayıb. Onun fikrincə, qravitasiya linzalanması qaranlıq materiyanın qalaktikalarda necə toplandığını öyrənmək və onun mümkün növlərini müəyyənləşdirmək üçün mühüm vasitədir.
Euclid missiyasının növbəti böyük məlumat toplusunun 2027-ci ilin yayında açıqlanması planlaşdırılır. Yeni nəticələr qalaktikaların kosmosda paylanması və zəif qravitasiya linzalanması ilə bağlı məlumatları da əhatə edəcək.
Tədqiqatçılar bu məlumatlar əsasında qaranlıq materiyanın kainatdakı yerləşməsini göstərən xəritə hazırlamağı və müxtəlif nəzəri modelləri yoxlamağı planlaşdırırlar. Alimlərin fikrincə, toplanan məlumatların həcmi o qədər böyükdür ki, artıq bir insanın onların hamısını əl ilə araşdırması mümkün deyil.
Aydın