Xəbər lenti

Avropada qış tətili üçün 5 mənzərəli məkan - İsveçrədən iki dəfə ucuz (FOTO)
Dünya22:58 15.11.2026

Avropada qış tətili üçün 5 mənzərəli məkan - İsveçrədən iki dəfə ucuz (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qış aylarında Avropada istirahət etmək istəyən turistlər üçün İsveçrəyə alternativ ola biləcək beş istiqamət açıqlanıb. Bu məkanlar qarla örtülmüş dağları, mənzərəli gölləri, isti termal suları və ənənəvi kənd evləri ilə diqqət çəkir. Üstəlik, burada tətilin İsveçrə ilə müqayisədə xeyli ucuz başa gəldiyi bildirilir.

Qaynarinfo xəbər verir ki, Avropanı səyahət etmiş "Travel Off Path" nəşrinin müəllifi Viniçius Kosta qış istirahəti üçün beş alternativ məkan seçib.

Müəllifin sözlərinə görə, İsveçrədə beş günlük tətilin qiyməti 2 min dolları keçə bilər. Bu səbəbdən o, oxşar təbiət mənzərələri və qış atmosferi təqdim edən, lakin daha münasib büdcə tələb edən istiqamətlərə üstünlük verib.

1. Litoxoro, Yunanıstan

Yunanıstanın Litoxoro şəhəri əfsanəvi Olimp dağının ətəyində yerləşir. Qədim yunan mifologiyasına görə, tanrıların məskəni sayılan bu dağın hündürlüyü 2917 metrdir.

Şəhər ənənəvi daş və suvaqlı evləri, kirəmitli damları, mənzərəli eyvanları və dar küçələri ilə turistlərin diqqətini çəkir. Buradakı kiçik meyxanalar isə yerli mətbəxin dadlarını kəşf etmək üçün əlverişli imkan yaradır.

Səyahət həvəskarı xüsusilə Olimp Milli Parkını ziyarət etməyi tövsiyə edir. Parkda dərin dərələr, meşələrin arasında gizlənən təbii hovuzlar və şəlalələr var. “Zevsin hamamları” adlanan zümrüd rəngli təbii hovuzlar isə qış aylarında fərqli mənzərə yaradır.

2. Bled, Sloveniya

Sloveniyanın ən məşhur turizm məkanlarından olan Bled İsveçrənin İnterlaken şəhərinə bənzədilir. Bununla belə, burada istirahətin daha münasib qiymətə başa gəldiyi qeyd olunur.

Alp dağlarının əhatəsində yerləşən Bled gölü yayda firuzəyi rəngi, qışda isə tünd göy səthi ilə seçilir. Gölün ətrafında gəzinti yolları, taxta dağ evləri və spa mərkəzləri fəaliyyət göstərir.

Gölün ortasındakı kiçik adada XVII əsrə aid kilsə yerləşir. Turistlər adaya ənənəvi taxta qayıqlarla – “pletna”larla gedə bilərlər. Bölgədə yerli restoranlarda maral ətindən hazırlanmış gulaş və Sloveniyanın yerli pivələrini də dadmaq mümkündür.

3. Jablyak, Monteneqro

Monteneqro daha çox yay turizmi ilə tanınsa da, qış aylarında Jablyak şəhəri də səyahətçilərin marağına səbəb olur. Dəniz səviyyəsindən 1456 metr yüksəklikdə yerləşən bu şəhər Balkanların ən yüksək dağ yaşayış məntəqələrindən biridir.

Jablyak Durmitor Milli Parkının qeyri-rəsmi mərkəzi hesab olunur. Bəzən bu ərazi təbiət mənzərələrinə görə “Monteneqronun İsveçrəsi” də adlandırılır.

Şəhər xizək sürmək, qar ayaqqabıları ilə gəzintiyə çıxmaq və yerli mətbəxlə tanış olmaq istəyənlər üçün münasib istiqamətdir. Təxminən 30 dəqiqəlik piyada məsafədə yerləşən Qara göl isə bölgənin ən məşhur təbiət məkanlarından sayılır.

4. Mavrovo, Şimali Makedoniya

Şimali Makedoniya qış turizmi ilə ilk yada düşən ölkələrdən olmasa da, burada dağ mənzərələri və qış idman növləri üçün əlverişli məkanlar var.

Mavrovo Milli Parkı təmiz gölləri, yüksək dağları və ənənəvi yaşayış məntəqələri ilə seçilir. Bölgənin əsas təbiət məkanlarından biri Bistra dağ silsiləsidir. Onun ən yüksək nöqtəsi dəniz səviyyəsindən 2163 metr yüksəklikdə yerləşir.

Parkın mərkəzindəki Mavrovo gölü qışda xüsusi mənzərə yaradır. Qarla örtülmüş meşələrin əhatəsindəki gölün sularından yarı su altında qalmış Müqəddəs Nikolay kilsəsinin zəng qülləsi yüksəlir.

5. Sapareva-Banya, Bolqarıstan

Qış tətilini isti termal hovuzlarda keçirmək istəyənlər üçün Bolqarıstanın Sapareva-Banya şəhəri tövsiyə olunur. Ölkənin cənub-qərbində yerləşən bu kurort mineral su mənbələri ilə tanınır.

Şəhərdəki termal bulaqlardan çıxan suyun temperaturu 103 dərəcəyə çatır. Mərkəzdə isə 1957-ci ildə yerin altından püskürməyə başlayan qeyzer yerləşir. Onun kontinental Avropanın ən isti təbii mənbələrindən biri olduğu bildirilir.

Sapareva-Banya Rila dağlarının şimal ətəyində, Panichişte xizək kurortunun yaxınlığında yerləşir. Burada dəniz səviyyəsindən 1300-1600 metr yüksəklikdə xizək sürmək mümkündür. Ərazidə həm yeni başlayanlar, həm də təcrübəli xizəkçilər üçün traslar mövcuddur.

Müəllifin seçdiyi bu beş istiqamət İsveçrənin bahalı dağ kurortlarına alternativ kimi təqdim olunur. Onlar turistlərə qış mənzərələrindən, dağ havasından və müxtəlif istirahət imkanlarından daha münasib büdcə ilə yararlanmaq fürsəti vəd edir.

Aydın