Xəbər lenti

Yuxudan əvvəl içilməsi tövsiyə olunan içki
Sağlamlıq08:45 16.11.2026

Yuxudan əvvəl içilməsi tövsiyə olunan içki

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yatmazdan əvvəl bir stəkan süd içmək yuxunun keyfiyyətini yaxşılaşdırmaqla yanaşı, yaş artdıqca əzələ və sümük sağlamlığının qorunmasına da kömək edə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə “Noticiasaominuto” məlumat yayıb.

Diyetoloq Lindsi DeSotonun sözlərinə görə, axşam saatlarında müntəzəm olaraq süd içmək sağlam qocalmanı dəstəkləyən faydalı vərdişlərdən biri ola bilər.

Mütəxəssis bildirir ki, südün əsas üstünlüklərindən biri əzələ kütləsinin qorunmasına kömək etməsidir. Yaş artdıqca orqanizmdə əzələ itkisi baş verdiyindən, kifayət qədər zülal qəbulu fiziki gücün və aktivliyin saxlanılması baxımından mühüm əhəmiyyət daşıyır.

Südün tərkibində iki növ zülal – zərdab və kazein var. Zərdab zülalı daha sürətlə mənimsənilir, kazein isə həzm prosesində daha gec parçalanır. Hər ikisi əzələ toxumasının formalaşması və bərpası üçün vacib olan amin turşularını təmin edir.

İçkinin digər mühüm komponenti kalsiumdur. Bu mineral sümüklərin möhkəmliyinin qorunmasında mühüm rol oynayır. Bir çox süd məhsulları isə əlavə olaraq D vitamini ilə zənginləşdirilir ki, bu da kalsiumun orqanizm tərəfindən mənimsənilməsinə kömək edir.

Diyetoloqun məlumatına görə, 2,5 faiz yağlı bir stəkan süd gündəlik kalsium ehtiyacının təxminən 24 faizini, D vitamini ehtiyacının isə 12 faizini ödəyə bilər.

Südün yuxuya müsbət təsiri də onun tərkibindəki triptofan amin turşusu ilə əlaqələndirilir. Orqanizm bu maddədən yuxu və oyaqlıq dövrünü tənzimləyən melatonin hormonunun istehsalında istifadə edir.

Südü necə içmək daha faydalıdır?

Mütəxəssis südün hansı temperaturda və yatmazdan nə qədər əvvəl içilməsi ilə bağlı xüsusi qaydaların olmadığını bildirir. Onu isti, ilıq və ya soyuq şəkildə qəbul etmək mümkündür. Dadını dəyişmək üçün darçın və ya zərdəçal əlavə etmək də olar.

İnək südü qəbul etməyənlər isə bitki mənşəli alternativlərə üstünlük verə bilərlər. Bu zaman tərkibində kalsium və D vitamini olan məhsulların seçilməsi tövsiyə olunur. Xüsusilə soya südü zülal baxımından yaxşı alternativ hesab edilir.

Aydın