Xəbər lenti

2027-ci ildə səyahət trendləri dəyişir - Turistləri gözləyən 7 yenilik
Dünya09:18 16.11.2026

2027-ci ildə səyahət trendləri dəyişir - Turistləri gözləyən 7 yenilik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2027-ci ildə səyahət həvəskarlarının seçimlərində yeni istiqamətlər ön plana çıxacaq. Turistlər daha çox qeyri-adi məkanlara üz tutacaq, uşaqlıq xatirələrini yenidən yaşamaq, hobbilərini inkişaf etdirmək və qısa müddətli istirahət imkanlarından yararlanmaq istəyəcəklər.

Qaynarinfo xəbər verir ki, bu barədə BBC "Travel"in turizm üzrə ekspertlər arasında keçirdiyi araşdırmaya əsaslanan proqnozuna istinadən yazıb.

Ekspertlər gələn il səyahət seçimlərinə təsir edəcək yeddi əsas tendensiyanı müəyyənləşdiriblər.

1. Fantastik dünyalara səyahət

Turistlər adi istirahətdən fərqli olaraq, nağılları və fantastik filmləri xatırladan məkanlara daha çox maraq göstərəcəklər. Qədim xarabalıqlar, mistik mənzərələr, əfsanələrlə bağlı ərazilər və ulduzları müşahidə etmək üçün əlverişli məkanlar populyarlıq qazanacaq. Booking.com-un proqnozuna görə, sorğuda iştirak edən səyahətçilərin 65 faizi paranormal hadisələrlə əlaqəli məkanlara səfərlə maraqlanır.

2. Kişilər üçün fərqli səyahət formatı

Kişilərin qrup halında istirahət anlayışı da dəyişir. Əyləncə və idman yönümlü səfərlərlə yanaşı, emosional rahatlıq, dostluq əlaqələrinin möhkəmləndirilməsi və səmimi ünsiyyət imkanları yaradan səyahətlərə maraq artır. Ekspertlər hesab edirlər ki, bu cür səfərlər tənhalıq, iş stresi və şəxsi problemlər barədə açıq danışmaq üçün də şərait yaradır.

3. Uşaqlıq illərinə qayıdış

2027-ci ildə turistlərin bir qismi böyüklərin gündəlik məsuliyyətlərindən uzaqlaşaraq uşaqlıq sevinclərini yenidən yaşamağa çalışacaq. Əyləncə parkları, macəra məkanları və nostalji hisslər yaradan istiqamətlər daha çox seçiləcək. Expedia-nın məlumatına əsasən, sorğuda iştirak edənlərin 57 faizi gələn il özlərini yenidən uşaq kimi hiss etdirəcək səyahət planlaşdırır.

4. Texnologiyadan çox canlı ünsiyyət

Süni intellekt səyahətlərin planlaşdırılmasında geniş istifadə olunsa da, insanlar real ünsiyyətə və ortaq təcrübələrə daha çox dəyər verməyə başlayırlar. Hilton-un araşdırmasına görə, turistlərin 60 faizi başqa insanlarla birlikdə iştirak edə biləcəkləri su əsaslı sağlamlıq və istirahət prosedurlarına üstünlük verir. Böyük qruplar üçün rezervasiyaların artması da bu tendensiyanın göstəricisi hesab olunur.

5. Hobbilərə həsr olunan istirahət

Səyahətlər artıq yalnız yeni ölkələr görmək və dincəlmək məqsədi daşımayacaq. Turistlər səfər zamanı yeni bacarıqlar öyrənməyə, maraq dairələrini genişləndirməyə çalışacaqlar. Fotoqrafiya turları, əl işləri üzrə məşğələlər, antik əşyaların axtarışı və müxtəlif yaradıcılıq proqramları bu istiqamətin əsas nümunələridir.

6. Qısa müddətli tətillər

Uzunmüddətli məzuniyyət əvəzinə birgünlük və ya birgecələməli səfərlərə maraq artacaq. Konsertlər, idman yarışları, xüsusi tədbirlər və həftəsonu gəzintiləri bu formatın əsas istiqamətləridir. Hotels.com-un məlumatına görə, sorğuda iştirak edən turistlərin 79 faizi 2027-ci ildə bir gecəlik yerləşmə rezervasiyası etməyi planlaşdırır. Gənc nəsil arasında bu göstərici 83 faizə çatır.

7. Təkrarı mümkün olmayan təcrübələr

Ekspertlərin diqqət çəkdiyi sonuncu tendensiya unikal səyahət təcrübələridir. Turistlər artıq yalnız məşhur məkanlara getməklə kifayətlənmək istəmirlər. Onlar az adamın əldə edə biləcəyi imkanlar, xüsusi mədəni tədbirlər və nadir məkanlarla tanışlıq axtarırlar. Belə səfərlərin dəyəri isə təkcə qiymətlə deyil, təqdim etdiyi təkrarsız təcrübə ilə ölçüləcək.

Ekspertlərin qənaətinə görə, 2027-ci ildə turizm bazarında əsas dəyişiklik insanların istirahətə yanaşmasında özünü göstərəcək. Səyahətçilər daha çox şəxsi maraqlarına, emosional ehtiyaclarına və unudulmaz təcrübələrə uyğun seçimlər edəcəklər.

Aydın