
Arxeoloqlar Səudiyyə Ərəbistanında apardıqları qazıntılar zamanı 125 min il əvvələ aid ov alətləri aşkar ediblər. Daş ucluqların üzərində tapılan kimyəvi izlər qədim insanların ov zamanı bitki mənşəli zəhərlərdən istifadə etmiş ola biləcəyini göstərir.
Qaynarinfo xəbər verir ki, bu barədə "IFLScience" portalı məlumat yayıb.
Tədqiqatçılar Ərəbistan yarımadasının cənubunda yerləşən qədim Mundafan gölünün sahilində Uruq əl-Cəlilə adlı yaşayış məskənini araşdırıblar. Təxminən 125 min il yaşı olan bu ərazidə qədim ovçu-toplayıcıların həyatına dair mühüm sübutlar aşkarlanıb.
Alimlərin sözlərinə görə, Ərəbistan yarımadasının iqlimi indiki kimi quraq olmayıb. Son yüz minilliklər ərzində burada rütubətli və quraq dövrlər növbələşib. Yağışların artdığı vaxtlarda göllər və su mənbələri yaranıb, ətraf ərazilər isə insanların və heyvanların yaşaması üçün əlverişli olub.
Qazıntılar zamanı ümumilikdə 5511 daş artefakt tapılıb. Onların bir hissəsinin ov silahlarının hazırlanmasında istifadə edildiyi müəyyənləşdirilib. Daş ucluqların üzərində yapışdırıcı maddələrin və bitki liflərinin izləri də aşkarlanıb. Bu isə alətlərin sadəcə əldə tutulmadığını, müxtəlif materiallardan hazırlanmış mürəkkəb silahların tərkib hissəsi olduğunu göstərir.
Ən maraqlı nəticə isə bəzi alətlərin üzərində zəhərli bitkilərlə əlaqəli kimyəvi birləşmələrin tapılmasıdır. Xüsusilə zəhərli oxların hazırlanmasında istifadə edilən Acokanthera schimperi bitkisi ilə əlaqəli maddələrin izlərinə rast gəlinib.
Tədqiqatçıların məlumatına görə, araşdırılan daş ucluqların 84 faizində müxtəlif kimyəvi və bitki mənşəli maddələrin izləri, 49 faizində isə dəstəyə bərkidilmə əlamətləri müəyyən edilib. Bununla belə, alimlər zəhərin həqiqətən ov zamanı istifadə edildiyini təsdiqləyən birbaşa sübutların olmadığını vurğulayırlar.
Ərazidə begemot, dəvəquşu, dəvə, ceyran və camış qalıqlarının tapılması qədim insanların müxtəlif iri heyvanları ovladığını göstərir. Bundan başqa, ağac və bitki materiallarının emalında istifadə olunan alətlər də aşkarlanıb.
Araşdırmanın müəllifləri hesab edirlər ki, bu tapıntılar Ərəbistan yarımadasının qədim insanların Afrikadan Avrasiyaya köçü zamanı sadəcə keçid marşrutu olmadığını göstərir. İqlimin rütubətli olduğu dövrlərdə region şirin su mənbələri, zəngin bitki örtüyü və heyvan müxtəlifliyi ilə insanların uzun müddət yaşaya bildiyi əlverişli məkanlardan biri olub.
Tədqiqatın nəticələri "Science" elmi jurnalında dərc edilib.
Aydın