
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi Yevlax Tibbi Qiymətləndirmə Mərkəzinin inzibati binasının əsaslı təmiri ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, satınalma müsabiqəsinin qalibi “TD İnşaat” MMC seçilib. Şirkətə görüləcək işlərə görə 1 milyon 319 min 732,2 manat ödənilməsi nəzərdə tutulur.
Maraqlıdır ki, son aylarda dövlət qurumlarından ardıcıl sifarişlər alan şirkətin fəaliyyəti və maddi-texniki imkanları ilə bağlı açıq mənbələrdə geniş məlumat yoxdur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “TD İnşaat” MMC-nin təsisçisi Süleymanov Toğrul Mahir göstərilib. Açıq mənbələrdəki məlumatlara görə, o, Xocəsən bələdiyyəsinin üzvüdür. Şirkətin əvvəlki qanuni təmsilçisi də Toğrul Süleymanov olub. Sonrakı məlumatlarda isə qanuni təmsilçi kimi Məlikov Elçin İmran oğlunun adı yer alıb.
2024-cü ildə qeydiyyata alınan şirkətin nizamnamə kapitalı 20 manatdır. Hüquqi ünvanı isə Xankəndi şəhərində, Biznes Mərkəzinin 3-cü mərtəbəsində yerləşir.
“TD İnşaat” MMC-nin fəaliyyəti ilə bağlı diqqət çəkən digər məqam onun son dövrlərdə qazandığı dövlət sifarişləridir. Belə ki, şirkət 2026-cı ilin sentyabrında Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 249 min 603,27 manatlıq abadlıq işləri üzrə tenderinin qalibi olub.
Bundan başqa, oktyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yaşayış kompleksində 606 mənzilin cari təmiri ilə bağlı satınalmasını da qazanıb. Həmin işlərin dəyəri 2 milyon 882 min 629,12 manat təşkil edib.
Beləliklə, Yevlaxdakı yeni sifarişlə birlikdə şirkətin son aylarda müxtəlif dövlət qurumlarından qazandığı satınalmaların ümumi məbləği 4 milyon 451 min 964,59 manata çatır.
Bununla belə, “TD İnşaat” MMC-nin hansı iri layihələri həyata keçirdiyi, neçə nəfər işçisinin olduğu, təmir və tikinti işləri üçün lazımi texnika və avadanlıqlarla təmin edilib-edilmədiyi barədə açıq mənbələrdə ətraflı məlumat yoxdur.
Seyid