Xəbər lenti

Əhali gəlirlərinin yarısını ərzağa xərcləyir - Ekspert çıxış yolunu göstərir
Ekonomiks12:36 16.11.2026

Əhali gəlirlərinin yarısını ərzağa xərcləyir - Ekspert çıxış yolunu göstərir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda əhali aylıq xərclərinin təxminən 50 faizini ərzaq məhsullarına sərf edir. Statistikaya əsasən, bu göstərici Gürcüstanda 38,7 faiz, Ermənistanda isə 40,7 faizdir. Avropa İttifaqının ən kasıb ölkələrindən biri olan Bolqarıstanda əhalinin xərclərinin 29,3 faizi ərzağa yönəlir. Aİ-nin iqtisadi cəhətdən inkişaf etmiş ölkələrindən Almaniyada bu göstərici cəmi 14 faiz, ABŞ-da isə 13 faiz təşkil edir.

Bəs əhalinin rifah səviyyəsinin yüksəldilməsi və ərzaq xərclərinin ailə büdcəsindəki payının azaldılması üçün dövlət hansı addımları atmalıdır?

İqtisadçı Akif Nəsirli Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azərbaycanda əhalinin aylıq xərclərinin təxminən yarısının ərzağa yönəlməsi birbaşa alıcılıq qabiliyyətinin və real gəlirlərin aşağı olmasının göstəricisidir.

"İqtisadiyyatda bunun Engel qanunu adlanan izahı var: ailənin gəlirləri artdıqca onun büdcəsində ərzaq xərclərinin xüsusi çəkisi azalır. Almaniya və ABŞ kimi ölkələrdə bu göstəricinin 13-14 faiz olması əhalinin gəlirlərinin yüksəkliyi ilə bağlıdır. Deməli, Azərbaycanın Gürcüstan səviyyəsinə çatması üçün ilk növbədə əhalinin real gəlirlərini artırmaq, ərzaq qiymətlərinin artım tempini cilovlamaq və ailələrin digər ehtiyaclarına daha çox vəsait ayırmasına imkan yaratmaq lazımdır”, deyə iqtisadçı bildirib.

Akif Nəsirli əlavə edib ki, bunun üçün dövlət yalnız minimum əməkhaqqını və pensiyaları artırmaqla kifayətlənməməlidir:

"Əmək məhsuldarlığının yüksəldilməsi, yeni və daha yüksək maaşlı iş yerlərinin yaradılması, qeyri-neft sektorunun inkişafı və kiçik sahibkarlığın genişləndirilməsi əsas prioritetlər olmalıdır. Çünki əməkhaqqı iqtisadi məhsuldarlıq və biznesin gəlirliliyi hesabına artmadıqda, əlavə pul kütləsi qiymət artımı vasitəsilə əhalidən geri alınır".

İqtisadçı hesab edir ki, digər mühüm istiqamət ərzaq bazarında rəqabətin gücləndirilməsidir:

“Azərbaycanda bir sıra ərzaq məhsulları üzrə idxaldan asılılıq yüksəkdir. Yerli kənd təsərrüfatı istehsalının artırılması, fermerlərə subsidiyaların verilməsi, suvarma və logistika infrastrukturunun yaxşılaşdırılması, məhsulların saxlanması və emalı imkanlarının genişləndirilməsi vacibdir. Eyni zamanda, bazarda süni qiymət artımlarına, inhisarçılığa və vasitəçilərin yaratdığı əlavə xərclərə qarşı effektiv nəzarət olmalıdır”.

Akif Nəsirlinin sözlərinə görə, əhalinin ərzaq xərclərinin ümumi büdcədəki payını azaltmaq üçün sosial siyasət də ünvanlı şəkildə həyata keçirilməlidir:

“Aşağı gəlirli ailələrin gəlirlərinin artırılması, sosial müavinətlərin real inflyasiyaya uyğunlaşdırılması və işləyən əhalinin vergi-sosial yükünün optimallaşdırılması bu baxımdan əhəmiyyətlidir. Əsas məsələ ondan ibarətdir ki, dövlətin məqsədi sadəcə ərzağın ucuzlaşmasına nail olmaq deyil, insanların ərzağa daha az pul xərcləyərək daha yaxşı qidalanmasına və digər ehtiyaclarını da qarşılaya bilməsinə şərait yaratmaq olmalıdır. Gürcüstanın göstəricisinə yaxınlaşmaq üçün də məhz gəlirlərin davamlı artımına, qiymət sabitliyinə və iqtisadi imkanların daha ədalətli bölüşdürülməsinə əsaslanan siyasət həyata keçirilməlidir”.

Bahar Rüstəmli